Ötən il 4,9 min nəfərin xaricdən əldə olunan kvalifikasiyaları tanınıb

2024-cü ildə hesabat dövrü ərzində xarici kvalifikasiyaların (şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir (sertifikat, attestat, diplom) tanınması ilə bağlı 6 min müraciət üzrə ekspertiza keçirilib, 4,9 min müraciət üzrə müsbət rəy verilib.

AzNews.az Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, onlara xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub.

Bildirilib ki, 1 100 nəfərə mənfi rəy verilib və bu barədə qərarlar qəbul edilib.

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələr Rusiya (1841), Türkiyə (1616), Ukrayna (1377), Gürcüstan (296), Birləşmiş Krallıq (189), ən çox müraciət olunan ali təhsil müəssisələri isə İ.M.Secenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (127), Ukrayna Milli Mülki Müdafiə Universiteti (119), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (103), İstanbul Universiteti (90), S.Kuznets adina Xarkov Milli İqtisad Universiteti (87) olub.