- İşin içi
- 22 Mart 12:17
- 1 620
Azərbaycan qlobal xammal sammitində iştirak edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə qurumu olan "SOCAR Trading"in nümayəndə heyəti 24-26 mart tarixlərində İsveçrənin Lozanna şəhərində keçiriləcək "FT Commodities Global Summit 2025" qlobal xammal sammitində iştirak edəcək.
Aznews.az şirkətə istinadən xəbər verir ki, "SOCAR Trading"in ticarət üzrə baş direktorunun vəzifəsini icra edən Tağı Tağı-zadə tədbir çərçivəsində “Neft: qiymətlər yeni səviyyədə sabitləşəcəkmi?” adlı panel müzakirəsində çıxış edəcək.
Bundan əlavə, şirkətin karbon kvotaları üzrə treyderi Juli Noller “Karbon kvotaları ticarəti: qlobal tənzimləmə şəraitində karbon bazarlarının gələcəyi” panelində, ticarət və struktur maliyyələşdirmə şöbəsinin rəhbəri Antuan Sevrey isə “Risklər, faizlər, likvidlik və inflyasiya: əmtəə ticarəti maliyyələşdirməsi sahəsində çağırışlar” panelində iştirak edəcəklər.
Bu ilin sammitinin əsas mövzuları arasında "Münaqişələr, təhlükəsizlik və xammal - müharibələr və artan proteksionizmin ticarət marşrutlarına və xammal tələbatına təsiri" və "Enerji dəyər zəncirinin gələcəyi - neftdən kimyəvi məhsullara keçid perspektivləri" yer alır. Müzakirələr zamanı sənayenin əsas çağırışları və imkanları, o cümlədən geosiyasət və xammal bazarları: qlobal münaqişələrin ticarət marşrutlarına və təchizat zəncirlərinə təsiri, təchizat zəncirinin dayanıqlılığı: iqtisadi və siyasi qeyri-sabitlik şəraitində risklərin idarə olunması strategiyaları, enerji keçidi: davamlı enerji gələcəyinə nail olmaq üçün həll yolları, həmçinin tənzimləmə və və ekoloji standartlar: xammal bazarlarına və investisiya strategiyalarına təsiri kimi məsələlərə toxunulacaq.
Sammitdə 85-dən çox spiker və enerji sektorundan 450 nümayəndə iştirak edəcək.
Xatırladaq ki, 2007-ci ilin dekabrında SOCAR-ın marketinq bölməsi kimi təsis edilən "SOCAR Trading"in baş ofisi Cenevrədə yerləşir. Şirkətin Londonda, Sinqapurda, Dubayda və Hyustonda nümayəndəlikləri var. "SOCAR Trading" xam neft, neft məhsulları, LNG, təbii qaz və ekoloji məhsulların ticarəti ilə məşğuldur.