- Köhnə - İqtisadiyyat
- 23 May 2017 19:11
- 3 747
Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası planı açıqlanıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.
AzNews.az bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.
Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq:
1. Ticarət yönümlü təminatsız borclar;
2. Üstün hüquqa malik təminatsız borclar;
3. Subordinasiya krediti.
Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək. Xarici kreditorlara təqdim olunan restruktizasiya planına dair təqdimatla bu link vasitəsilə tanış olmaq mümkündür:
Görüşdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanının icrası çərçivəsində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir.
2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində ABB-nin maliyyə mövqeyinin zəiflədiyi və öhdəliklərin könüllü restrukturizasiyası tədbirinin zəruri olduğu bildirilib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.
Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir.
“Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcəklər. Bir daha qeyd edirəm ki, xarici öhdəliklərin restrukturizasiyası prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur” – deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov qeyd edib ki: “vaxtilə ABB-nin sabiq menecmenti tərəfindən yol verilmiş ciddi pozuntular, habelə manatın məzənnə dəyişikliyinə məruz qalması səbəbindən bank 2015-ci ildən başlayaraq ciddi çətinliklərlə üzləşmişdir. Azərbaycan hökuməti bu dövrdən etibarən bankın maliyyə vəziyətinin sağlamlaşdılması məqsədilə əhəmiyyətli ardıcıl maliyyə dəstəyi göstərmişdir. Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaqdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüşdə çıxış edərək bildirib ki, restrukturizasiya planının həyata keçirilməsi nəticəsində bankın xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır: “ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Bankın xarici öhdəliklərinin restrukturizasiyası nəticəsində onun maliyyə sağlamlığının təmin edilməsi təkcə ABB üçün deyil, bütövlükdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır.”.
Könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.