- Ermənistan və Gürcüstan
- 5 Noyabr 2018 14:46
- 6 865
"İdeyamı deyəndə mənə güldülər" - Evini ictimai mərkəzə çevirən gənc
"Amma zaman keçdikcə, necə zəruri bir iş olduğunu anladılar"
Gürcüstanın Ermənistanla sərhədində yerləşən Xüldərə kəndində yaşayan Kamran Əfəndiyev evinin birinci mərtəbəsində kəndin istifadəsi üçün ictimai resurs mərkəzi açıb. Mərkəz Xüldərə kəndində olsa da, 26 yaşlı gənc Gürcüstanın Mollaoğlu ictimai məktəbində müəllim olaraq çalışır.
Kamran Əfəndiyevlə müsahibəsini təqdim edirik:
- Necə oldu ictimai mərkəz yaratmaq qərarına gəldiniz?
- Universitetdə oxuduğum zamanlardan bu ideya ağlımda idi. Təhsilimi başa vurduqdan sonra kəndə qayıtmağı və gənclərimiz üçün alternativ təhsil sistemi yaratmağı hər zaman planlaşdırırdım. İctimai mərkəz yaratmaq qərarı da bu planlarımdan biri idi.
- Mərkəzə gələn şagirdlər kimlərdir? Oğlanlar, yoxsa qızlar üstünlük təşkil edir?
- Mərkəzin 26 daimi şagirdi var. Əksəriyyəti doqquzuncu sinifdən yuxarıdır və sevindirici haldır ki, şagirdlərin çoxu qızlardır.
- Kimlər istifadə edə bilər? Mərkəzdə təhsil ödənişlidirm?
- Bir tək kəndimizin şagirdləri və gəncləri deyil, mərkəzimizin imkanlarından bütün kənd sakinləri istifadə edir. Xidmətimiz ödənişsizdir.
- Evinizi mərkəzə çevirən zaman kəndlilərin reaksiyası necə oldu?
- Bu ideyanı onlara söyləyəndə mənə güldülər, belə bir mərkəzi heç bir bədəl gözləmədən açıb xidmətə verəcəyimə inanmadılar. Bu, onlar üçün qeyri-mümkün idi. Bir insanın işini-gücünü buraxıb könüllü olaraq kənddə şagirdlərin maarifləndirməsi üçün çalışması qəribə gəlirdi. Amma zaman keçdikcə, necə zəruri bir iş olduğunu anladılar.
İndi hər kəs bu təşəbbüsü müsbət qarşılayır və övladlarını mərkəzə göndərirlər. Bilirsiniz, bizdə yeniliyə bir qorxu, aqressivlik var. Bu kimi hallarla qarşılaşdım. “Maddi marağı olmasa, açmaz” deyənlər çox idi. Qazandığım layihələri onlara göstərəndən sonra könüllü olaraq bunu etdiyimi anladılar və mərkəzə kitablar hədiyyə etdilər.
- Sizin kənddə insanların faydalana biləcəyi mərkəz niyə yoxdur?
- Əvvəllər yox idi, bunun yaratdığı sıxıntını gördüm və bu məsuliyyəti öz üzərimə götürdüm.
- Başqa kəndlərdə də belə məkan varmı, yoxsa sizin kəndin taleyinimi yaşayırlar?
- Əslində, belə mərkəzlər Gürcüstanın heç bir kəndində yoxdu, qaldı biz tərəflərdə. Çünki bu mərkəzləri açıb, könüllü işləməyə hər adam razı olmur. Belə mərkəz qonşu Mollaoğlu və Sadaxlı kəndlərində var və birlikdə bir-birimizə kömək edərək bərabər fəaliyyət göstəririk.
- Fəaliyyətinizi genişləndirməyi nəzərdə tutursunuzmu?
- Artıq biz üç kənddə - Xüldərə, Mollaoğlu və Sadaxlıda fəaliyyət göstəririk. Toplamda 100-dən artıq şagirdimiz var. Yerli və beynəlxalq fondlarla əməkdaşlıq edirik. Üç il içində ondan artıq layihə qazanmışıq. Hal-hazırda davam edən layihələrimiz var. Hər üç mərkəzdə Azərbaycan dili və ədəbiyyatı, gürcü dili, kompüter kursları, şahmat kurslarımız var.
Bundan başqa, könüllü gənclər hər həftə mərkəzlərimizə gəlib ixtisasları üzrə şagirdlərə treninq seminarlar keçirlər. Film gecələri, poeziya gecələri təşkil edirik. İctimai problemləri nəzərə alıb video-çarxlar hazırlayırıq. Ən son layihəmizi “Açıq Cəmiyyət Fondundan” (Open Society Georgia Foundation) qazandıq.
Bizə dəsdək olduqlarına görə onlara təşəkkür edirik. Kənd əhalisinə kitab, kseroks, internet, gürcü dilində ərizələrin tərtibi kimi xidmətlərimiz olur. İki ay bundan əvvəl qeyri-hökumət təşkilatı olaraq qeydiyyatdan keçdik. Təşkilatımızın adı “Yeni Düşünə İnstitutu”dur.
Bu saydıqlarım işləri mən, Ariz Daşdəmirli və Nuça Demetraşvili birlikdə həyata keçiririk.
- Bu işi şəbəkə halına gətirmək planınız varmı?
- Qısa zamanda mərkəzimizin sayını birdən üçə çıxardıq. Gələcək hədəfimiz hər kənddə belə mərkəzlər açmaq və millətimizə xidmət göstərməkdir.
© AzNews.az