- Köhnə - Kriminal
- 29 Sentyabr 2018 21:02
- 6 253
Karate üzrə qara kəmər sahibi vəhşicəsinə öldürüldü - Qətlə səbəb nə olub?
Göygöl rayonunda Urfan Rzayev karate üzrə qara kəmər sahibi 1985-ci il təvəllüdlü Kamil Rüstəmovu qətlə yetirib.
Hadisə rayonun Quşqara kəndi ərazisində Quşqara çayının sahilində baş verib. Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Rüstəmov aldığı bıçaq yarasından dünyasını dəyişib.
Onun qayını, 1982-ci il təvəllüdlü Urfan Rzayev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Kamil Rüstəmovun qayını Urfan Rzayev tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Urfan daha sonra özünə də xəsarət yetirib.
Qətlə səbəb nə olub?
Məhkəmə müəyyən edib ki, 2007-ci ildə Kamal Rüstəmov Tapdıq Rzayevin qızı ilə evlənib. İmkanlı şəxs olan Tapdıq Rzayevin burada 5 müəssisəsi, həmçinin Moskvada da biznesi olub.
O, Göygöl rayonu ərazisində çaxır və araq istehsalı ilə məşğul olub. Yeznəsi olan Kamal Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib. O, Bakı şəhərindəki şadlıq evlərinə içkilərin – arağın, çaxırın, şampan şərabının paylanması ilə məşğul olurmuş.
2013-cü ildə qayınata ilə kürəkən arasında müəyyən narazılıq olub və Kamal Rüstəmovla Tapdıq Rzayevin qızı bu soyuqluğun nəticəsi olaraq bir müddət sonra boşanıb. Kamal Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Kamal Rüstəmovun da onlara heç bir borcu olmayıb.
Kamal Rüstəmov qayınatası ilə işgüzar münasibətlərinə son verdikdən sonra Göygöl rayonunun Quşqara kəndində özünə torpaq sahəsi götürərək limonad sexi açıb. Bunun üçün ailəsinə məxsus evlərini sataraq, banklardan kredit də götürüb.
Ata və oğulun keçmiş kürəkəninə hədəsi
Qayınata Kamalın onları tərk edərək özünə iş qura bilməsini həzm edə bilməyib və hər cəhdlə onun biznes fəaliyyətinə mane olmağa başlayıb. Kamal Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmiş. Tapdığın adamları isə onu izləyib bu dükanlara ziyana olsa belə, həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər.
Ata və oğlu dükan sahiblərinə deyirmişlər ki, heç kim Kamaldan mal almasın. Kamal Rüstəmovun işçilərinin dediyinə görə, Tapdıq Rzayev və onun oğlu Ürfan Rzayev tez-tez gələrək Kamalı narahat edirmişlər. Ata və oğul Kamalı hədələyirmişlər ki, biz varıq, sən buradan xeyir götürə bilməzsən.
Borc davası
Qətlə yetirilən gün Ürfan Kamala zəng vurub və bildirib ki, sənin bizim şirkətdə işlədiyin dövrdə 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən.
Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdə heç bir borcum qalmayıb. Birinci dəfə Ürfan həmin gün saat 13 radələrində “Mersedes 600” SLK ilə gəlib və sənədi Kamal göstərib ki, borc budur. Kamal da sənədə baxaraq deyib ki, borc onun işlədiyi dövrə aid deyil.
Bundan sonra Ürfan gedib və həmin gün təxminən saat 17-də yenidən Kamalın limonad sexinə qayıdıb. Bu zaman orada olan bir kişi soruşub ki, nə məsələdir. Kamal da deyib ki, narahat olma, Ürfangil barışmağa gəlib. Həmin adam aralaşan kimi Urfan Kamalı vurub. Kamal kəskin qan itirdiyinə görə ölüb.
10 il cəza
Urfan Rzayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Urfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Urfan Rzayev apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Cəza 13 ilə qədər artırıldı
Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror protestində cəzasının ağırlaşdırılmasını tələb edib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun protesti təmin edilib və Urfan Rzayevin cəzası 13 il müddətinə qədər artırılıb.
Bu qərardan Urfan Rzayevin vəkili kasasiya şikayəti verib. Müdafiəçi Urfan Rzayevin əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edib.
Urfan Rzayevin barəsində olan kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qətl işi yenidən araşdırılacaq
Hakim kollegiyası kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Urfan Rzayevin müdafiəçisinin kasasiya şikayəti qismən təmin olunub.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarılıb.
İş materialları yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu iş üzrə yenidən araşdırma başlanacaq.
Qeyd edək ki, qətlə yetirilən Kamal Rüstəmov karate üzrə qara kəmər sahibi olub. (Publika.az)
AzNews.az