- Köhnə - Kriminal
- 23 Aprel 2015 17:45
- 5 508
İcra başçısının 17 yaşlı oğlunun düşdüyü qəza barədə Şahid ifadələri
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzNews.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmədə əlavə şahidlər dindirilib. İlk olaraq hadisə yerinə birinci çatan Təcili Tibbi Yardımın əməkdaşı Yeganə Əliyeva danışıb: "Hadisə yerinə çatanda 3 nəfərin yaralandığını gördüm Onlardan 2-si yerdə uzanmışdı, 1-nin vəziyyəti çox ağır idi. Ona görə də ağır yaralını götürərək Təcili Tibbi Yardım maşınına apardıq. İlkin diaqnoz olaraq kəllə-beyin travması qoyuldu. Bizə göstəriş verdilər ki, xəstəyə müdaxilə oluna biləcək ən yaxın xəstəxana 3 saylı Sabunçu rayon xəstəxanasıdır. Ora aparın. Biz də təxminən 10 dəqiqəyə xəstəxanada idik. 18:30-da yaralını xəstəxanaya təhvil verdik. Onu travmatologiya şöbəsinə apardılar. Hadisə yerində olan digər xəstələrə də bizim arxamızca gedən o biri briqada köməklik göstərib".
Dindirilən şahidlərdən biri də hadisə yerinə ilkin baxış keçirən Yol Patrul Xidmətinin əməkdaşı Aləmşah İsayev olub. Onun sözlərinə görə, xəsarət alanlardan ikisi yerdə uzanıqlı vəziyyətdə idi, digəri isə yol qırağındakı dəmirə söykənmişdi: "Bizdən sonra Təcili Yardım gəldi. Yerdə olan ağır yaralını xəstəxanaya apardılar. Sonra bir Təcili yardım maşını da gəldi. Amma maşına 2 xəstə yerləşmədiyindən yerdə uzanıqlı olanını apardılar. Ən sonda isə daha az yara alan və dəmirə söykənən şəxsi apardılar. Onu ağ rəngli mülki maşına mindirdilər".
YPX əməkdaşı deyib ki, hadisə şahidləri qəzada yük maşınının sürücüsünün günahkar olduğunu iddia ediblər. Şahidlər bildiriblər ki, yük maşını yol qırağındakı dəmir arakəsmədən yola dönmək istəyirmiş. Öz yolu ilə gələn "Mercedes" markalı avtomobil yük maşının sağ tərəfindən arxa təkərinə çırpılıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşı İlkin Lətifov da şahid qismində ifadə verib. O da hadisəyə səbəb kimi yük maşınının torpaq yoldan əsas yola dönmək istəməsini göstərib. Bildirib ki, hadisə yerindən ən son aparılan şəxs icra başçısının oğlu İlham Əsgərli olub.
Son ifadə verən şəxs İlham Əsgərlinin tanışı Rəşad Məmmədzadə olub. O, hadisə yerinə gələnlərdən biri olub. R. Məmmədzadə hadisə yerinə çatanda Sənan Mirzəyevin ("Mc Donalds Azərbaycan"ın rəhbəri Maqsud Mirzəyevin oğlu) artıq xəstəxanaya aparıldığını deyib:
"Mən çatanda Pərvinlə (sürücü) İlhamı gördüm. Nə baş verdiyini soruşdum. Amma İlham şokda idi, cavab verə bilmədi. Pərvin daha ağır yaralı olduğundan onu Təcili Yardıma götürdülər. İlham yerdə qaldı. Onu da başqa bir mülki maşına mindirdilər. Asif bəylə əlaqə saxladım. Hadisə barədə məlumat verdim. Mən xəstəxanaya birinci aparılan şəxsin kim olduğunu bilmirdim. Bilsəydim, onun da valideynləri ilə əlaqə saxlamağa çalışardım. Onun telefonunda kod var idi. Əks halda telefondakı kontaktlarda ata və anasının nömrəsini tapıb zəng edərdim. Xəstəxanaya gəldim, onu daha yaxşı yerə aparmağı təklif etdim. Məndən əvvəl də ora İlhamın qohumları gəlmişdi. Onlar da təkid etdi ki, Sənanı buradan çıxarıb başqa yerə aparsınlar. Amma xəstəxanadan icazə vermədilər. Dedilər ki, vəziyyəti pisdir, tərpətmək olmaz. Onun qulaqlarından və başından qan gəlirdi. Həkimlər əvvəldən onun yaşama ehtimalının olmadığını deyirdilər".
Məhkəmə aprelin 24-nə təxirə salınıb.
Xatırladaq ki, sözügedən qəza ötən il sentyabrın 29-da Zığ-aeroport yolunda baş verib. Sənan Mirzəyevin də əyləşdiyi "Mercedes" markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşınına çırpılıb. Nəticədə İlham Əsgərli və Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. Sənan Mirzəyev 3 saylı Sabunçu Klinik Xəstəxanasında vəfat edib.
Qəzada dünyasını dəyişən S.Mirzəyev "McDonalds"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.
Nigar Etibar