Daha 300 elektron imza verildi – sərgidə


Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel- 2013" sərgisi davam edir.

Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb.

AzNews.az xəbər verir ki, sərginin ikinci günü insan axınının ən böyük cəmləşdiyi dayanacaqlardan biri yenə də "Elektron hökumət portalı" pavilyonu olub.

Sərginin ilk günü 130-dan çox e-imza vəsiqəsi və kart oxuyucusu, ikinci gün 2 dəfə çox, yəni 300 dənə e-imza vəsiqəsi və kart oxuyucusu iştirakçılara təqdim edilib.

E-imza vəsiqəsi almaq istəyən Sədaqət Nəcəfzadə adlı sərgi iştirakçısı fikirlərini portalın əməkdaşları ilə bölüşüb. Onun "Elektron hökumət"lə bağlı məlumatlı olduğu elə də uzun müddət deyil və o, bu haqda mediadan eşidib. Daha sonra "Elektron hökumət" portalının rəsmi saytına daxil olaraq dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə tanış olub. Sədaqət xanım tez bir zamanda elektron xidmətlərdən istifadəyə başlayacağını vurğuladı. O, "Bakutel-2013" sərgisinə də "e-imza" vəsiqəsi almaq üçün qatıldığını bildirib. Sədaqət Nəcəfzadə həmçinin portalda gedən gündəlik yenilənmələrdən çox məmnun olduğunu söyləyib.

Qeytd edək ki, bir neçə gün əvvəldən AzNews.az sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu ala biləcəyini yazmışdı.

Ruhiyyə
AzNews.az