Frigid qadın sağala bilərmi? Frigid qadın sağala bilərmi?

Qadın frigidliyi və ya cinsi zəiflik - İntim həyat

Frigid qadın sağala bilərmi?



Bütün dövrlər üçün gizli hesab edilən ailə problemlərindən biri də qadın frigidliyidir. Frigidlik qadınlarda cinsi marağın, seksual hissiyyatın və orqazmın olmamasıdır. Cinsi soyuqluq hesab edilən frigidlik bir çox qadınların və ailələrin probleminə çevrilir. Bu problemi yaşayan qadınlarda hətta özünü öldürməyə cəhd halları da az deyil. Belə qadınlarda, cinsi orqanlar qıcığa reaksiya vermir, buna görə də frigid qadın heç vaxt masturbasiya ilə məşğul olmur. Erotik yuxular görmür. Hətta uzun sürən "oxşamalar" zamanı uşaqlıq yolunda maye belə ifraz olunmur.

Atlas Klinikasının sekspatoloqu Hafiz Məmmədovun sözlərinə görə, xüsusən utanmaq hissi qadınların bu vəziyyətini daha da ağırlaşdırır: "Frigidlik qadında daha çox psixoloji problemlərə görə yaranır. Lakin bunun bir çox digər səbəbləri də mövcuddur. Belə ki, bu hal hormonlarda dəyişikliklər müşahidə edildikdə, qadın orqazm olmadıqda, həddən artıq soyuqdəymə olduqda da yarana bilir. Buna görə də hər bir xəstəyə fərdi yanaşama mütləqdir. Qadında gec orqazm olma səbəbilə onda həvəsin itməsi halı baş verir ki, bu da müəyyən müddət sonra qadının ümumiyyətlə, cinsi əlaqədən imtina etməsinə səbəb olur. Həmçinin, cinsi yolla yoluxan bəzi infeksiyalar var ki, bunlar da qadında istəyi azaldan faktorlar sırasında yer alır. Ümumiyyətlə, isə frigitliyə gətirib çıxardan iki səbəb var. Bunlardan birincisi, ən çox Azərbaycan məişətinə xas olan ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Belə ki, ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür. Bu davranış modeli isə qızın yaddaşına çökür. O, ərə getdikdən sonra da özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu isə sözsüz ailə problemlərinə səbəb olmaqla yanaşı çox zaman xəyanət və boşanma ilə nəticələnir.

Cinsi soyuqluğun ikinci başlıca səbəbi isə orqazmla bağlıdır. Belə ki, qadında orqazm qabiliyyəti bir qayda olaraq birgə yaşayış prosesində və tədricən yaranır. Bu qabiliyyəti kişilər qadında tələsmədən, böyük səbir və həssaslıqla inkişaf etdirməlidir. Çox zaman isə ərlə qadın orqazm olmadan öz işlərini bitirir və ona diqqət ayırmırlar. Bu da öz növbəsində frigidliyin yaranmasına səbəb ola bilir".

Müalicə metodunun düzgün olmasını xüsusən qeyd edən mütəxəssis H. Məmmədov bəzən yanlış müdaxilələrdən vəziyyətin ağırlaşdığını da dedi. Onun sözlərinə görə bir çox hallarda belə qadınlar psixoloqa müraciət edir. Lakin bu tam həll yolu deyil. İlk öncə mütəxəssis buna tam rəyini bildirməlidir: "Həkimin nəzarəti altında isə psixoloq, yaxud da psixiatrla görüşmək daha məsləhətlidir. Bu məsələdə psixiatrın üstünlüyü ondan ibarətdir ki, o həm də müxtəlif preparatlarala da müalicə tətbiq edir. Bu isə xoşagəlməz vəziyyətin daha tez həllinə yardımçı olur".

Məlum məslədir ki, belə problemlərlə üzləşən qadınlar əsl mütəxəssisə deyil, ginekoloqlara müraciət edirlər. Nəsrəddin Tusi adına Klinikanın ginekoloqu Elnarə Məmmədovanın sözlərinə görə, ölkəmizdə belə halların sayı heç də az deyil. O, daha çox qadınların utanmaları ucbatından həkimə müraciət etmədiyini, yaxud da gec gəldiyini dedi: "Qadınlarda daha çox psixoloji problemlər olur. Bunu isə tək sekspatoloq, yaxud da ginekoloqun müdaxiləsi ilə aradan qaldırmaq olmaz. Mütləqdir ki, psixoloq da xəstəyə seanslar tətbiq etsin".

Mütəxəssislərin sözlərinə görə isə, tibb aləmində frigidliyin 4 tipi müəyyən edilir. Bunlardan birincisi gecikən orqazmdır. Sekspotoloq H.Məmmədovun sözlərinə görə, belə qadınlarda aybaşı problemləri meydana çıxır, cinsi istək olmur, sadəcə cinsi akt zamanı xoş hisslər yaransa da orqazm olmur. Lakin çox zaman qadın dünyaya övlad gətirəndən sonra bu problem həyat yoldaşının da dəstəyi ilə aradan qalxa bilir. İkincisi müvəqqəti frigidlik adlanır. Bu əsasən müəyyən xəstəliklərdən sonra qadında yaranır. Bu xəstəliklərə cinsi xəstəliklər, qadın cinsi orqanların yaxşı inkişaf etməməsi, doğuşdan sonra uşaqlıq yolunun böyüməsi, hormonal çatışmazlıq və endokrin pozğunluq, depressiya, xroniki yorğunluq, onurğa və ya beyindəki xəstəliklər cinsi marağı zəiflədə bilər. Həkimin sözlərinə görə, frigidliyi yaradan səbəb aradan qalxdıqdan sonra normal cinsi həyata qayıtmaq olur.

Üçüncü isə tibb aləmində Merlin Monro sindromu adlanır. Bu psixogen frigidlik hesab edilir. Həddən artıq ciddi tərbiyə, zorlama, bakirəlikdən ağrılı məhrum olma, cinsi partnyorun ideala uyğun gəlməməsi buna gətirib çıxardır. Həmçinin, sevmədiyin insanla nikah, münasibətlərin möhkəmliyinə inamsızlıq da qadında psixoloji problemlərə yol açır. Bu zaman isə sözsüz ən ideal variant, psixoterapevt və ya seksopatoloqa müraciət etməkdir.

Dördüncü tip isə daha mürəkkəb məqamdır. Belə ki, anadangəlmə soyuqluğun səbəbləri hələ də mütəxəssislərə məlum deyil. Belə qadınlarda psixoseksual funksiyalar anadangəlmə çatışmır. Onlar tam normal həyat yaşayırlar, ana olurlar. Onlar tam məmnunluğun nə olduğunu da bilmirlər. Evlilik onlar üçün zəruri hal, ictimai tələb hesab edilir.

Fəridə Abdıyeva
AzNews.az