- Köhnə - Maraqlı
- 18 Sentyabr 2014 18:00
- 10 690
Doğum evləri ana südünə qarşı... -Araşdırma
Marketlərdə Çin ana südü satılır
Son illər gənc anaların yanlış adətlərindən biri də yenicə doğulmuş körpəsini ana südündən məhrum etməsidir. Körpənin halalca südünün kəsilməsində ananın məntiqsiz bəhanələri rol oynayır. Gənc analar güya bədəninin estetik görünüşünün pozulacağından qorxurlar, gecələr tez-tez ayılmağa tənbəllik edirlər deyə, süd versələr çəkilərinin artacağını bildirirlər. Ən təhlükəlisi də odur ki, ana südünü qəsdən kəsmələr, dərman vasitələri ilə qurutmalar bir az sonra qadınlarda tibbi problemlərə (ən pis nəticədə bədxassəli şiş) gətirib çıxarır. Bütün bu kortəbii davranışlar isə ana südü haqqında məlumatsızlıqdan irəli gəlir. Bir zamanlar dünya ana südünün körpənin yalnız 4- 6 ayında vacibliyini qeyd edirdilərsə, indi bu müddət 1- 2 yaşa qədər uzadılıb.
Xaricdə ana südü bankı yaradılır, bizdə isə...
Ana südü, yaradanın insana bəxş etdiyi möcüzəvi və qiymətli nemətlərdən biridir. Ona görə ki, yüksək tərəqqi əldə edən tibb hələ də bu nemətin dəqiq reseptini aydınlaşdıra bilmir. Ana südünün qiyməti onun sahibinin hansı şəraitdə yaşaması ilə fərqlənə bilməz. Afrika çölündə yoxsul ana ilə Qərb ölkəsində komfort şəraitdə yaşayan ananın südünün tərkibi eynidir. Əsas odur ki, körpəyə süd verilsin. Ana südü ananın ən ekstremal vəziyyətində belə körpəsini aclıqdan xilas edən yeganə qidadır.
Türkiyədə ixtisaslaşmış pediatr, uşaq xəstəlikləri üzrə mütəxəssis Lalə Məmmədova ana südünün körpə üçün əvəzsiz qida olduğunu deyir. Həkimin sözlərinə görə, son illər gənc anaların çoxu körpəsini süddən məhrum edir. "Pasiyentlərimin orta hesabla 10-undan 2-3-ü uşağını öz südü ilə qidalandırır. Bu da rayon, kənd yerlərindən gələn və ya qaynana, ana təkidi ilə süd verənlərdir. Başqa sözlə, çox ana uşağına bu başdan pisliyini edir, amma bunun fərqinə varmır. Nəticədə körpələrin mədə-bağırsaq problemləri erkən başlayır. Ana südü uşağın ömürlük peyvəndidir. Ən azı altı ayına qədər gündə bir dəfə də olsa körpə öz payını almalıdır. Bizdə ana südünün təbliğində də boşluq var. Türkiyə təcrübəsinin şahidi olmuşam, orada hər qadın hələ hamiləlik dövründə uşağına ana südü vermək üçün çalışır. Övladı dünyaya gətirmək, ona can vermək hələ vəzifənin bitməsi sayılmır. Ana qayğısı övladına südünü verməklə başlayır. "Südüm yoxdur", "azdır" kimi bəhanələr də yersizdir. Gənc analar bu məsələni həkimə həvalə etsinlər. Ana südü ailə büdcəsi üçün də sərfəlidir. Hər yerdə körpənin yeməyi hazırdır. Qeyd edim ki, çoxu bilmir ki, ana südünün verilməsi qadının qaraciyəri, gözləri və digər orqanlarının sağlamlığı üçün də vacibdir. İllərdir, dünyanın aparıcı ölkələrində ana südü bankları qurulub və işləyir. Hələ ötən əsrin 80-ci illərində ABŞ ştatları bu işə başlayıb. Son məlumata görə, dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Kanada, Fransa, Danimarka, hətta qonşu Türkiyədə bu banklar hesabına onlarla körpə ana südü ilə qidalanıb. Belə bankları yaratmaq çox məsuliyyətli, xeyirxah işdir. Xüsusi texnologiya ilə naməlum ana südünün tərkibini xarab etmədən başqa körpələrə verilməsinə imkan yaradılır. Əlbəttə ki, süd verən anaların müayinəsi, sağlamlığı vacib məsələdir. Desəm ki, biz hələ belə bankların istifadəsinə və qurulmasına hazır deyilik, razılaşarsız. İlk növbədə insan düşüncəsi buna hazır olmalıdır. Bizim əzəldən süd analarımız vardı. Vəziyyət eyni ilə buna bənzəyir. İndi insanlar bir-birinə qarşı etinasız yanaşırlar. Maraqlısı odur ki, ötən ildən Çində ana südü normal inək südü kimi marketlərdə qablaşdırma ilə satılır. Hətta böyük insanlar da rahat şəkildə istifadə edirlər. Bu bizə qəribə gələ bilər. Amma indi-indi dünya əsrlər əvvəl "Qurani-Kərim" surələrində ana südü haqqında deyilənləri elmi şəkildə müdafiə edir. Müqqədəs kitabın 11 surəsində bu qiymətli nemətin adı çəkilir, övladlarımıza 2 yaşına qədər ana südünün verilməsi tövsiyyə olunur. Bu səbəbdən uşağınızın əqli, fiziki, psixoloji cəhətdən sağlam olmasını istəyirsinizsə, süni qidalardan qaçın, ana südünü əsirgəməyin."
Doğum evləri mənfəət üçün ana südünə düşmən kəsilib
Doğum evlərində süni körpə qidalarının təbliği məsələsi son illər gündəmdən düşmür. İrəli sürülən iddialar həqiqəti əks etdirsə də, israrla qarşı tərəf bunu rədd edir. Elə bu məsələylə bağlı son vəziyyəti araşdırmaq qərarına gəldim. Məlum oldu ki, süni qida şirkətlərini təmsil edənlər doğum evlərində "at oynadırlar". Bunun təbliği, reklamı üçün əməli-başlı tibb işçiləri səy göstərirlər. Əlbəttə ki, bu hər yerə, hər kəsə şamil edilmir. Vəziyyət isə belədir: doğulan uşaqlar iki gün anadan kənar saxlanılır, süni qidaya öyrədilir, sonra isə körpə ana südünü qəbul etmir. Normalda ana körpəsini ən azı bir gün sonra vəziyyətindən asılı olaraq əmizdirə bilər. Digər fakt odur ki, ana südü ilə bağlı təbliğat da sönükdür. Doğum evindən evə gələn körpəni müayinə edən bəzi pediatrlar anaya həmin süni uşaq qidalarını məsləhət görürlər. Çünki dərman firmaları kimi həmin şirkətlərlə də müqaviləsi var, gəlirini bu yolla qazanır. Səhiyyəmizin bu sarıdan da problemləri həll edilmək əvəzinə dərinləşir. Qeyd edim ki, "Reklam haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsində süni körpə qidalarının reklamı qadağan olunsa da, bu gün hər yerdə kütləvi şəkildə satılan həmin qidalar gözümüzə girir.
Xaricdə əmizdirmə məsləhətçisi adlı ixtisas var
İntenetdə üç ildir ki, "Vipbaby"( "çox vacib körpə") adlı ana südünü təbliğ edən xüsusi veb-səhifə fəaliyyət göstərir . Veb-səhifənin maraqlı şüarı var: "Sinədən gələn sevgi". Saytın təşşəbbüskarı və yaradıcısı Səltənət Zülfüqarova öz fikirlərini bizimlə paylaşır. "Xarici ölkələrdə bu məsələ çox vacibdir. Valideynlər qabaqcadan övladının ana südü ilə qidalanması tərəfdarı olurlar. Dünyanın 100-dən çox ölkəsi hər ilin 1-7 avqustunu "Əmizdirmə həftəsi" kimi qeyd edir. Bu ölkələrdə illərdir, əmizdirmə məsləhətçisi adlı ixtisasa yiyələnmiş yüzlərlə xanım töhvəsini verir. Körpənin əmizdirilməsi sadə görünə bilər. Mən də xarici ölkə təcrübəsini əldə edənə qədər belə düşünürdüm. Amma bu böyük bir məsuliyyətlə yanaşı, ciddi işdir. Ananın qidalanmasından tutmuş, uşağın əmizdirilməsi rejiminə qədər məlumatlı olmaq lazımdır. Ən əvvəl analara demək istəyərdim ki, uşaqlarını ana südü möcüzəsindən məhrum etməsinlər. UNİCEF-in hesabatına görə, hər il 1000-dən çox körpə məhz ana südü ilə qidalanmadığı üçün vaxtsız ölür. Ana südünün verilməsi ilə bağlı əmizdirmə məsləhətçisi olaraq məqalələrim var. Qeyd etmək istəyirəm ki, bu barədə yanlış olan doğrular çoxdur. Əvvəlcə onu deyim ki, doğan ananın ilk vaxtlar südü şəffaf olur. Bu körpəyə verilməlidir. Malozya deyilən axıntı zülalla zəngindir. Bunu çox vaxt körpəyə səhv olaraq vermirlər. Dünya Səhiyyə Təşkilatının "Ana südü əvəzləyicilərinin Beynəlxalq Marketinqi Məcəlləsi" 6 ayına qədər körpələr üçün süni qidanın istehsalı və satışına dəfələrlə qadağa qoysa da, bu pozuntunun hər yerdə şahidi oluruq. Beynəlxalq ana südü Liqasının araşdırmalarına görə, ana südü sinədə qaldıqca köhnələ bilməz. Ana südü ilə süni körpə qidalarının tərkibinin eyni olduğunu deyirlər. Amma bu belə deyil. Vitamin zənginliyinə görə süni qidalar üstünlük təşkil edir. Amma ana südü təbii qida olduğu üçün körpənin həm yeməyi, həm də dərmanıdır. Körpənin süddən doymaq məsələsi də vacib suallardan biridir. Buna ana təkbaşına qərar verə bilməz. Ana südündə ananın yediyi bütün qidaların dadı var. Bu tibbdə sübuta yetirilib. Bu belə olmasaydı, uşaq sonradan normal yeməyə düşəndə rahatca qidalana bilməzdi. Ana südünü zənginləşdirən məhsulların adı çəkilir. Bunlar da çox təsdiqlənməmiş fərziyyələrdir. Körpəyə südün verilməsi qaydası isə ən vacib məsələdir. Bu anaların bilmədiyi mövzudur. Yaxşı olardı ki, bu barədə məlumatlanardılar. Əsas odur ki, gənc analar süd verməkdə tənbəllik etməsinlər. Suallar meydana çıxarsa, saytımıza müraciət edib ətraflı məlumat ala bilərlər."
analitik.az