Məlum olduğu kimi yazıçı Əlabbas Bağırov Xalq yazıçısı Mövlüd Süleymanlını ağır ittiham edib. Məlum olduğu kimi yazıçı Əlabbas Bağırov Xalq yazıçısı Mövlüd Süleymanlını ağır ittiham edib.

Ədəbi nəsillər üz-üzə: “Mövlud Süleymanlı kimi yazmaqdansa...”

Məlum olduğu kimi yazıçı Əlabbas Bağırov Xalq yazıçısı Mövlüd Süleymanlını ağır ittiham edib.


AzNews.az-a müsahibə verən Ə.Bağırov M.Süleymanlını bədxah adam adlandırıb.

"Faciə ondadır ki, Mövlud Süleymanlı istedadlı adamdır, gözəl nasirdir, kəndi, onun psixologiyasını, dili gözəl bilir. Amma məni çaşdıran odu ki, o cür istedadın yiyəsi də bu qədər bədxah ola bilər yəni? Özü də tək mənim yox, bütün 80-cilərin başında qoz sındırıb o. Onun çap etdiyi gənclərdən, söhbət gənclərdən gedir, biri də ədəbiyyatda qalmayıb" – deyə, Ə.Bağırov bildirib.

Mövzu ilə bağlı əməkdaşımıza açıqlama verən Mövlud Süleymanlı 80-cilərə manelər yaradılmadığını bildirib, dolayısıyla onların yaza bilmədiklərinə görə bu hala düşdüklərini ifadə edib.

AzNews.az 80-ci illər ədəbi nəslinin nümayəndələrindən məsələ ilə bağlı fikirlərini öyrənib:


Səfər Alışarlı: "Mövludun fikrini bütün yazıçı nəsillərinin təmsilçiləri haqqında demək olar. Çünki hər kəsin yazdığı ortadadı. Bu barədə geniş danışmaq olar, amma mən başqalarının mübahisəsinə qoşulmaq istəmirəm".


Firuz Mustafa: "Mən həmişə hər kəsin fikrinə hörmətlə yanaşmışam. Amma gərək çoxluğa aid fikir söyləyəndə bir az ehtiyatlı olasan və deyəcəyin cümlənin əvvəlinə bir "mənə elə gəlir ki.." ifadəsi artırasan. ..ki yəni bu deyilənləri Mövludun yalnız subyektiv fikri kimi qəbul etmək olar. Bu, birinci. İkincisi də, elə "80-cilər" (və yaxud olsun "ikiminincilər") özləri də çox vaxt belə "inqilabçı" hökmlərlə çıxış edirlər, deyiurlər ki, 60-cılar yaza bilmirlər... Qısası, məncə hər nəslin öz istedadları var".


Azad Qaradərəli: "Yox, Mövlud müəllim ümumən 80-cilər haqda elə deməyib. Ortada konkret tərəf var: Əlabbas və Mövlud Süleymanlı. Hər ikisi ilə salam-kəlamım var. Üstəlik, Mövlud müəllim mənə heç mane olmayıb axı. Yəni mənim yazıçı pasportumu yuxarıda Allah, aşağıda Sabir Əhmədli vermişdi, kimsənin buna mane olmağa cürəti çatmazdı. Mən Yusif Səmədoğludan, Sabir Əhmədlidən, Eldar Baxışdan, İsa İsmayılzadədən, İsi Məlikzadədən, Məmməd Orucdan həmişə dəstək görmüşəm. Lap son vaxtlarda, yəni 2003-cü ildimi, ya 2004 idimi "Azərbaycan" jurnalında İntiqam Qasımzadə romanımı çap etmədi. Mən də bir neçə il sonra alternativ jurnal - "Yazı"nı açdım. Məsələ bitdi. O ki qaldı ağızlaşmaya, indi buna da ehtiyac görmürəm mən. Şəxsən mənim qələmimi indi heç kim ala bilməz. Çünki o mənə tanrının əmanətidir. Dostum Əlabbasa da, ağsaqqal yazıçı Mövlud Süleymanlıya da can sağlığı arzulayıram".


Məti Osmanoğlu: "60-cılar" anlayışı ədəbiyyatşünaslıqda bir termin kimi işlədilir. Məsələn, rus ədədbiyyatşünası P.A.Nikolayev özünün "Ədəbiyyatşünaslıq lüğəti"ndə ("Slovarь po literaturavedeniю") 60-cılara belə tərif verir: "altmışıncılar" sözü ənənəvi olaraq rus mədəniyyətinin bədii yaradıcılığın, demək olar ki, bütün sahələrini təmsil edən təmsilçilərinin nəslinə aid edilir. Onun daha fəal və populyar hissəsi yazıçılar – daha çox da şairlər idi. Onlar ictimai baxışlarına görə hədsiz radikal deyildilər. Cəsarətli etik və estetik bəyanatlarına görə onlara böyük maraq göstərilirdi". Məsələyə bu mövqedən yanaşanda "80-cilər" anlayışı tam nisbi anlayışdır. Mənə elə gəlir, məsələnin bu cür qoyuluşunda dəqiqləşdirməyə ehtiyac var: çünki 1980-ci illərdə ədəbiyyata gələn, ilk yazılarını ictimaiyyətə təqdim edən yazıçılar arasında kifayət qədər ciddi və parlaq imzalar, tanınan qələm adamları var. Məsələn, Saday Budaqlı, Səfər Alışarlı, Hüseyn Əfəndi, Akif Səməd, Vəli Xramçaylı, Elçin Hüseynbəyli, Eyvaz Əlləzoğlu, Həmid Herisçi, Əjdər Ol, Sabir Sarvan, Rafiq Tağı, Akif Əhmədgil, Murad Köhnəqala, Zahid Sarıtorpaq, Səməd Qaraçöp, Əlisəmid Kür, Nəriman Əbdülrəhmanlı, Orxan Fikrətoğlu (siyahını xeyli davam etdirmək də mümkündür) kimi imzaları ictimaiyyət məhz 1980-ci illərdə tanıdı və bunlar ədəbiyyatda yeni hava yaratmağa qadir olan istedadlı insanlardır. Söhbət daha üzdə olan, hamının tanıdığı imzalardan gedirsə, Azərbaycan ədəbiyyatının ən populyar nümayəndəsi Çingiz Abdullayev də ədəbiyyatın qapısını 1980-ci illərdə aralayanlardan biridir. 1980-ci illərdə tənqid və ədəbiyyatşünaslıq sahəsində, publisistikada dərin yeniləşmə prosesi gedirdi. Yaddaşlarda parlaq iz buraxmış "Gənclik" - "Molodost" jurnalı məhz "80-cilərin" tribunası idi. Aydın Məmmədovun rəhbərlik etdiyi bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin aparıcı qüvvələrini də məhz 80-cilər təşkil edirdi. "Xəzər" jurnalı, "Yol" qəzeti 80-ci illərin mədəni faktı idi... Ancaq təəssüflər olsun ki, sonrakı onilliklərdə cəmiyyət yalnız 1980-ci illərin ədəbi nəslini deyil, digər lazımlı dəyərlərini də köklü-köməcli itirdi. Bu gün "bestselleri" 500 tirajla çap olunan, ayda bir kitabdan ən yaxşı halda 5-6 nüsxə satılan bir cəmiyyətdə 80-ci illərdən əvvəlki və sonrakı nəsilləri də, elə klassikamızı da "itkin düşənlər" sırasına aid etmək mümkündür".


Nəriman Əbdülrəhmanlı: "Mövludun deyib-demədiyini bilmirəm. Əgər doğrudan da deyibsə, bu Mövlud Süleymanlının ancaq özünə sərf eləyən arzusudu. 80-cilər ədəbi nəslində ədəbiyyata Mövlud Süleymanlından daha yaxın olan imzalar var. Sadəcə, Mövlud müəllim onları oxumayıb, oxumaq istəməyib, tanınmır. Çünki 60-cıları ən çox qorxudan onlardan sonra ədəbiyyatda kimlərinsə olması, ayıq oxucunun müqayisə imkanının yaranmasıdı".


Baba Vəziroğlu: "Əgər Mövlud kimi yazmamağa yazmamaq deyilirsə, mən razı, o, düz deyir. Mövlud kimi yazmadığı üçün 80-ci illər ədəbi gəncliyi itirilmiş nəsil sayılmalıdır. O cür yazmaqdansa qırmızı kitaba düşmək oxucuya daha böyük ehtiram əlamətidir".