- Köhnə - Mədəniyyət
- 4 İyun 2016 12:35
- 9 127
Şeyx Əbdüllə cəbhəçilər arasında qalmaqal: “Onlar yalvardılar”
Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov arasında qalmaqal yaranıb.
AzNews.az xəbər verir ki, kinorejissor ATV kanalında çıxışı zamanı Səfəvi təriqətinin rəhbəri, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətai haqqında film çəkməyi təklif edib. Bu isə cəbhəçilərin narazılığına səbəb olub.
Partiyanın Ali Məclisinin Rəyasət Heyəti üzvü Rafiq Daşdəmirli iddia edir ki, həmin filmin çəkilməsi ilə bağlı təklif ilk olaraq AXCP-dən gəlib: "Şeyx Əbdül baba dünən ATV kanalında Sah İsmayıl babamızın kinosunun çəkilməsi iıə bağlı çox alovlu danışırdı. Heç bizləri anmadı. Demədi ki, bu kino məsələsini AXCP olaraq bizlər hökümətə təklif etmişik. Haray çəkmişik ki, millətin keçmişini çəkib göstərmək lazımdır. Sizi də dəvət edib İFA-da müzakirə aparmışıq. Belə olmaz, Şeyx baba".
Ə.Mahmudbəyov R.Daşdəmirlinin sözlərinə cavab verib. O, AzNews.az-a açıqlamasında iki ay bundan əvvəl ona AXCP-dən dəvət gəldiyini bildirib: "Mənimlə görüş keçirmək istədiklərini bildirdilər. Mən də getdim, söhbət mənim yaradıcılığımdan gedirdi. 37 ildir ki, mən Şah İsmayılla bağlı layihəmin üzərində işləyirəm. Onlar nə etiraz edə bilər? Mən bunun üstündə işləyəndə onlar anadan olmamışdı. İndi onlar Şah İsmayıla sahib çıxası oldular? Gəlib kömək eləsinlər. Bu, dövlət səviyyəsində olan bir şeydir. Hələ ssenari indi çapa gedib. Onların mənimlə heç bir şərikli malı ola bilməz. Bütün tarixçilər, dünya, kinoşünaslar bilir ki, biz neçə ildir bu ssenarinin üstündə işləyirik. Şəxsən mənə belə səviyyəsiz, gülünc söhbətlər çatmır. Bu, bizim böyük tariximizdir. Buna siyasi rəng qatıb, siyasiləşdirməsinlər. Görüşdə olanda səviyyəsiz-səviyyəsiz söhbətlər edirdilər. Məcbur olub onlar üçün tarix açdım. Mən bu layihə üzərində işləyəndə AXCP yox idi".
Kinorejissorun sözlərinə görə, R.Daşdəmirov onu dəvət edərək belə təşəbbüsə qoşulmaq istədiklərini dilə gətirib: "Daşdəmirov məni çağırıb, yalvardı, mən də getdim. Dedi ki, biz də belə bir təşəbbüsə qoşulmaq istəyirik.
Dedim ki, erməniləri çıxmaq şərtiylə kim kömək eləsə, onun qadasını alaram. Dünənin uşaqları çıxıb mənimlə siyasi oyun oynayır. Mən səhv etmişəm ki, elə səviyyəsiz adamların görüşünə getmişəm".
Bahar RÜSTƏMLİ
AzNews.az