- Köhnə - Mədəniyyət
- 3 Noyabr 2014 11:23
- 19 026
“İntihar etmək fikrinə düşmüşəm” – Murad Köhnəqala
“Mən heç kim deyiləm, yalnız yazıçıyam”
"BEYNİMİ GÖTÜRÜB QAÇDIM O EVDƏN"
"İNDİ YAZILAN ROMANLAR ŞIZOFRENIK ƏDƏBIYYATDIR"
Şair Murad Köhnəqalanı hamı tanıyır. Daha doğrusu, onu söz adamları, oxucuları və bir də öz yaxınları tanıyır.
Murad çox zarafatcıldır, çoxlu lətifə bilir. Elə dostları da onun haqqında xeyli lətifə uydurub.
Deyirlər o, yaxşı araq içir və çoxlu qurutlu xingəl yeyir.
Murad ölkə saytlarının birinə qonorar almaq üçün yazı verir: onun nə daimi iş yeri, nə də evi var. Kəndə gedəndə anasının, Bakıya gələndə isə dostlarının yanında qalır.
Son vaxtlar media onun müəmmalı İsveç səfərindən yazır.
Dostları isə deyir ki, Murad depressiyaya düşüb, intihar etmək istəyir, hətta özünü asacağı ağacı da seçib.
Elə bu baxımdan onunla görüşmək qərarına gəldik. Və ilk sualım da doğrudan da depressiyaya düşüb-düşməməsilə bağlı oldu. Verdiyim sualın cavabı onun sifətində aydınca yazılmışdı, onda depressiyadan əsər-əlamət yoxuydu. Bəlkə də yanılırdım: ola bilsin ki, Murad sarsıntıları ürəyində çəkir, sezdirmir.
"Bir insan güclü depressiya keçirməsə, o, heç vaxt intihar etməz. İstənilən intihar depressiyadan yaranır. Mən də depressiya keçirmişəm və intihar etmək fikrinə düşmüşəm, lakin nəyə görəsə özümü saxlamışam, dözmüşəm. İndisə məni tanıyanlar qorxmasın, intihar etməyəcəyəm. Məni sevən xanım üçün yaşamaq istəyirəm".
Murad Köhnəqala söhbətimizə beləcə körpü salır.
Deyir ki, ən yaxşı intihar növü dərman içib ayılmamaqdır. Bu sözü gülə-gülə deyir:
"İnsan depressiyaya çıxılmazlıqdan düşür. Mən əsasən maddi çətinliyə görə depressiyaya düşmüşəm. İndi görürəm ki, hər şeyin çıxış yolu var. Məni çıxılmaz vəziyyətimdən sevdiyim xanım çıxardıb".
Doğrudan da "Sevgi dünyanı xilas edir" kəlamı elə-belə təsadüfən deyilməyib...
Muradı Azərbaycandan 5 ay didərgin salan da, onu yenidən Vətənə qaytaran da məhz sevgi olub.
"Facebook-da Xaçmazdan Şəlalə adlı bir gənc qız mənə dostluq göndərmişdi. Qəbul etdim. Sonra tez-tez yazışmalarımız oldu. Və bir neçə vaxtdan sonra duydum ki, o, məni sevir. Yazırdı ki, istəyirəm daim yanında olum, əlim əlinə toxunsun, gözüm gözünə baxsın... Nəhayət görüşdük. Aramızda sevgi macərası yaşandı. Günlərin birində Facebook səhifəm açıq qaldığından Şəlaləyə yazdıqlarımı qızım oxuyub və anasına deyib. Elə əzablı günlərim də ondan sonra başladı. Sevgilim isə o hadisədən öncə deyirdi ki, nə olsa da ailəndən ayrılma, həm də mənimlə yaşa. QOY BİR YAZIÇINI DA MƏN XOŞBƏXT EDİM. Ancaq ailəm duyuq düşməsəydi, hər şey öz qaydasında gedərdi. Əslində mənim xaricə getməkdə əsas məqsədim həyat yoldaşımın dəhşətli təzyiqlərindən qaçmağım idi..."
Murad özünün qəmli hekayətinə cığır açır.
Onunla kafedə hərəyə bir borş sifariş etdik. Nahar vaxtı olduğundan mən tez-tez yeməyə başladım. O, isə yeməzdən öncə kompüteri qarşısına qoyub, son yazılardan birini oxumağa başladı. Yeməyi isə soyuyurdu. Ona təkidlə "Yeməyinizi yeyin, sonra oxuyarsınız" dedim. O, borşdan bir qaşıq götürüb ağzına aparanda əli əsməyə başladı. Qaşıqdakı borşun süfrəyə töküldüyünü kompüterə görə tam görə bilməsəm də salfetlə süfrəni silməyindən hiss etdim ki, əli onu bir azca utandırıb. Onun sifətinə baxmadan "Niyə yemədiniz, söhbətimiz hələ uzun sürəcək" dedim. "Elə də ac deyiləm, dünən çoxlu içmişdim, "paxmel"əm. Yeməyə həvəsim yoxdur" cavabını verdi. Ancaq bu cavab sadəcə cavab xətrinə deyilmişdi.
O, əllərinin əsməyini gizlətmək üçün bir daha əlini qaşığa uzatmadı. Mən də üz vurmadım. Mən yeməyə, o isə oxumağa davam etdi - artıq "Yuxular silsiləsi"ndən 2-ci yazısını oxuyurdu.
Kafedən çıxanda Murad uğursuz İsveç səyahətini nağıl etməyə başladı: "Mən İsveçə gedəndə bir çox yazarlar sevindilər ki, Murad getdi, canımız qurtardı. Bunların hamısını orda Facebookda hiss edirdim. Arxamca çox yazdılar, çox danışdılar. Bizim millətin bir çox nümayəndələrinin əsas çatışmazlığı paxıllıqdır. Məsələn, saytda bir yazım çıxır, yazıçılığa iddiası olan adamların mənə paxıllığı tutur. Çünki hiss edir ki, o, Murad kimi yaza bilmir və mütləq mane olmağa çalışır".
Liftə girəndə onun sözünü kəsirəm və "Xaricə getməmək fikrindən vaz keçə bilərdinmi?" sualını verirəm. O isə liftin güzgüsünə baxaraq "Yox" deyir. Sifətindəki narazılığı güzgüdə görürəm.
"Maddi sıxıntı içində yaşayırdım, 10 ildir ki, kitabım çıxmırdı. Məni evimə buraxmadılar, zatən heç özüm də getmək istəmirəm o evə. Düzdür, bu problemlərin yaranmasında əsil günahkar özüməm. Ailədən ayrılmağımın da əsas səbəbi həyat yoldaşımla xarakterlərimizin üst-üstə düşməməsidir. Bir insanla bir evdə nə qədər itlə pişik kimi yaşayarsan. Keçmiş həyat yoldaşım deyir ki, arzum sənin qolunda qandal görməkdir. Belə insanla yaşamaq olmaz axı. Digəri isə məni sevir. Mən də sevəni seçdim, mənə qandal arzulayanı yox". Bu sözlərdən sonra Murad bir anlıq susdu. Liftdən çıxıb uzun dəhlizlə yol getdik.
Söhbətimizə iş otağında davam edirik.
"Elə məni sevənin uğrunda İsveçə getdim. Burda alınmırdı. Təsəvvür edin ki, biz kirayə ev belə tapa bilmirdik. Xozeyinlər nikah kağızı istəyirdilər. Şəhərdə rahat gəzə bilmirdik. Hamı qəribə baxırdı bizə. Mən Şəlalənin ərinə yox, daha çox atasına oxşayıram, yəqin ona görə... Qərara gəldik ki, gedək bu ölkədən. Lakin yolda Şəlaləni geri qaytardılar, onun sənədlərində problemlər var idi. Nə isə İsveçdə 5 ay qaldım. Məqsədim o idi ki, işləyib pul qazanım, həm uşaqlarıma, həm də sevdiyim insana göndərim. Təbii ki, orda qalmaq olardı. Ancaq son dövrlər hiss etdim ki, qürbət mənlik deyil. Heç nə edə bilmirdim, hətta, mənə öyrətdikləri İsveç dilini də müəllim ayrılan kimi unudurdum. Bilmirəm, hafizəm zəif idi, yoxsa geri qayıdacağımızı duyduğuma görə dil öyrənmək bacarığıma blok qoymuşdum. Orda mənimki alınmadı. 5 aydan sonra düşərgədə immiqrantlara baxan nəzarətçiyə dedim ki, "STOP" verirəm. İstanbula, ordan da Bakıya bilet alıb Azərbaycana göndərdilər. Qayıdandan sonra Şəlalə ilə kənddə anamın yanında qaldım. İndi sevgilim Xaçmaza gedib, mən də Bakıda yaxşı maaşı olan iş axtarıram. Düzdür, saytların birinə yazı yazıram. Oradan verilən pulun 260 manatını 2 uşağım üçün alimentə verməliyəm. Bəs yemək, geymək, kirayə pulu necə olsun?. O baxımdan hələ ki, pis durumdayam. Hələ kirayə ev də tutmamışam, dostlarımın yanında qalıram".
Murad bir anlıq susur və hiss edir ki, onun 5 aylıq İsveç səyahətindən bezmişəm. Sükutu özüm pozuram: "Bəlkə bir az Azərbaycan ədəbiyyatından danışaq".
"Ürəyimdəkini necə duydun, İlahi?!. Doğrusu, bu söhbətdən özüm də təngə gəlmişəm. Doğrudan məni istəməyənlər elə bilər ki, ölüm ayağındayam və məni dərd danışdırır. Ancaq yenə də deyirəm, qoy sevinməsinlər, onların acığına özümü öldürməyəcəyəm".
Murad oturduğu stulu bir az qabağa çəkib əlini masanın üstünə qoyur və sözünə davam edir:
"Azərbaycanda indi hamı roman yazır. Bunlar şizofrenik ədəbiyyatdır. Cəmiyyətə, ədəbiyyata lazım olmayan şeylər yazırlar. Mən isə hamıdan fərqli şey yazıram. Onlar qaramat yazır, mənim yazdıqlarım isə işıqlıdır. Mən bu yaşımda şeir janrına ciddi baxmıram. Ona görə də şeir yazmıram. Nəsr yazıram. Azərbaycanda nəsr əsərləri də çox zəifdir. Yəni çoxlarının düşündüyü ən yaxşı romanlara 3 bal vermək olar".
"Bəs Əkrəm Əylislinin romanı haqda nə deyə bilərsən?" sualıma Murad sərt cavab verir: "Əkrəm Əylisli satqındır. Düzdür, onun qalmaqala çevrilən "Daş yuxular" romanını bütöv oxumasam da hissələrlə oxumuşam. O roman satqın bir insan tərəfindən yazılıb. Mən də sərt reaksiya verdim. Dedim ki, əgər Əkrəm Əylislinin övladını gözünün qarşısında zorlasaydılar, o romanı yaza bilərdimi? Əkrəm Əylisli heç olmasa, sonda bircə cümlə yazardı ki, mən Azərbaycan xalqının ermənilərin başına gətirdiyini yazdım. İndi qoy bir erməni də onların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən yazsın. Əkrəmin dediyinə görə biz günahkarıq, ermənilər isə günahsızdır. Əkrəm deyir ki, köçkünlər evlərindən qovalandıqlarına görə onların günahı var. Belə əsər olar? Hətta, bunu Nobelə namizəd də göstərmişdilər. Əkrəm o romanda ağlına gələni yazıb".
"Niyə Azərbaycan yazıçılarının əsərləri xarici ölkələrdə az tanınır?" sualım da Murad üçün gözlənilməz olmadı: "Azərbaycan yazarlarında yazıçı həyatı yoxdur. Onlar standart adamlardır. Belələri yeni heç nə yaza bilməzlər. Bunlar niyə iddialı olmalıdırlar. İkincisi də niyə bunlara Nobel verilməlidir ki? Dünyada o qədər məşhur yazarlar var ki, hələ Nobel mükafatı almayıb. Azərbaycan yazıçılarının çoxu məmurdur. Öz həyatımla yazıçı mənəm. Mən heç kim deyiləm, yalnız yazıçıyam. Azərbaycan yazıçılarından yenə seçilənlər arasında Şərif Ağayarın adını çəkərdim. Mən saytların birində Facebookda inboxa yazılan sms-lərdən ibarət bir roman çap etdirdim. Bax, bu, yeni bir stildir. Mənim yazdıqlarımın hamısı yenidir. Mən standart deyiləm. Şeirlərimin də hər birinin forması müxtəlifdir. Eləcə də hekayələrim də bir-birindən fərqlənir. İndi "Yuxular seriyası"ndan sürrialist hekayələr yazıram. Mən şeirləri də, hekayələri də silsilə kimi yazıram. "Yuxular seriyası"nda insan əzabını açıq şəkildə yazmışam. Əslində orda yazdıqlarım yuxu deyil, insanın əzabıdır".
Yenə də otağa sakitlik çökür. Hər ikimiz söhbətdən yorulduğumuzu hiss edirik. Mən qalxıb "Mətbuat" prospekti ilə şütüyən maşınlara baxıram. Muradın hara baxdığını görmürəm. Elə sualımı da prospektə baxa-baxa verirəm: "Murad, niyə siz şairlər həmişə ölümdən, ayrılıqdan yazır?".
"Şairlər insanları duyğulandırmaq üçün ölümdən, ayrılıqdan yazırlar. Azərbaycanda elə şairlər var ki, istəyir ki, oxucular onların əsərlərini oxuyanda ağlasın. Ədəbiyyatın missiyası ağlatmaq deyil, insanı yaşatmaq, ona ürək-dirək verməkdir. Əgər tənha yaşayan bir insan sənin əsərini oxuyandan sonra həyatını dəyişirsə, deməli o əsər uğurlu alınıb. Bədii ədəbiyyat insanlara yaxşılıq etmək xüsusiyyətini öyrətməlidir. Misal üçün, Cek Londonun "Martin İden" romanını oxuyandan sonra fikirləşmişəm ki, insan çətinliyə düşsə də ayaqda qalmağı bacarmalıdır. Bunun üçün istənilən əzaba sinə gərmək lazımdır". Murad bu sözləri dedikdən sonra ayağa qalxır və pəncərəyə yaxınlaşıb bayıra baxır: "Sabah deyəsən, yağış yağacaq".
Məni maraq bürüyür. Ürəyimdə düşünürəm ki, göydə bir cəngə bulud da gözə dəymir, havanın temperaturu da 15 dərəcəni göstərir. Belə olan halda sabah havanın yağışlı olacağını Murad hardan bilir. Özümə gülməyim tutur: "Bütün günü kompüterin önündə olan bir adam üçün hava temperaturunu bilmək nə çətin şeydir ki?!". Onun qolundan tutub otaqdan çıxırıq və liftə tərəf gedirik. Növbəti sualımı elə dəhlizdə verirəm: "Övladlarınla görüşürsənmi?".
"Əlbəttə. Oğlumla gizlincə görüşürəm. Mənə deyir ki, evə geri qayıt. Mən isə deyirəm ki, sizin ananızla yaşaya bilmərəm. Mən özümlə eyni düşüncədə olan insanla yaşamalıyam. Bu da mənim sevgilimdir. O xanımın təfəkkürü elə mənimlə eyni yaşdadır. O da Kamyunu, Sartrı, Dostoyevskini oxuyub, mən də. Onun da həyatı kitabla bağlıdır, mənim də. Onun anası kitabxanaçı işləyib. Elə mənim məqalələrimi də, kitablarımı da ordan alıb oxuyub. Biz bir-birimizə mənən çox yaxınıq. O, heç kəslə ailə qurmağa razı olmayıb, Murad Köhnəqalanı seçib. Burda bir dəlilik də var deyəsən. Mənim keçmiş həyat yoldaşım məəttəl qalıb. Deyir ki, sənin yəqin o qədər pulun var ki, belə gözəl və gənc xanım səni sevib". Liftin düyməsini Murad basır.
Sualımı da liftə daxil olanda verirəm: "Murad bəlkə özünə gün-güzəran yaradasan, daha xaricə getməyəsən?".
"Elə özüm də belə düşünürəm, daha xaricə getmək istəmirəm. Bu yaşdan sonra Avropa mənlik deyil. Orda doğrudan da darıxdım. Ancaq ilk gedəndə bura qayıtmaq haqda düşünmürdüm. Onların dilini öyrənə bilmədim. Avropa mənim üçün o an Hollivud kinolarına bənzəyirdi. Misal üçün, evdən bayıra çıxanda yerli insanların həyatında, gündəlik qayğılarında iştirak edə bilmirdin. Sanki futbolda daim ehtiyat oyunçu kimi skamyada oturursan, heç vaxt oyuna girmirsən. İsveçdə 8 il yaşayan azərbaycanlı oğlan var. O da orda darıxdığını deyir. O da orda özünü oyunda hiss edə bilmir". Muradın bu cümləsindən sonra lift dayanır və biz 1-ci mərtəbənin dəhlizinə çıxırıq.
"Çətinliyi özüm-özümə yaratmışam. Bu, mənim taleyimdir. Beynimlə düşünüb yazıram. Həyat yoldaşım da beynimi xarab elədi, mən də beynimi götürüb qaçdım. Çox içirdim. İçməyi bu gün - oktyabrın 31-də tərgitdim. Mən iradəli adamam, dedimsə edirəm. Siqareti də İsveçdə atdım. Onların "Marlbro"larını yağ kimi çəkirdim, özümə söz verdim və tulladım. Daha heç kim məni araq içən görməyəcək". Murad son cümləni binadan bayıra çıxanda deyir.
Onu özümə tərəf çəkib üzündən öpürəm və "Murad xahiş edirəm, ölmə" deyirəm. O isə gülərək "Qorxma ölməyəcəyəm" deyir və çiynində kompüter çantası ilə "Azərbaycan" nəşriyyatına tərəf gedir...
Sənə verilən o işıq ömür
Uçub gedir bir ox kimi
Adam da bu qədər dərdbaz olarmı?
Köynəyin cırıqdı? - cəhənnəmə ki,
bir az da cırıq gəz!
Dişin yoxdu, pulun yoxdu -
mırıq gəz!
Dabanı sürtülmüş, üstü sökülmüş
su buraxan o ayaqqabınla
bir təpik ilişdir dərdin dalına,
getsin öz işinin-dərdinin dalınca.
Evin yoxdu - nə olsun ki?
Vağzallara,
binaların damına nə gəlib?
Belə şeydən dərd yonub, qəm düzəltmə!
Pulun yoxdu? - bir az da ac gəz.
Ac-yalavac gəzməkdən
xoşbəxt və gülməli
bir şey varmı dünyada?..
Ac-acına
küləkli küçələrdə veyillənmək,
boş sok qablarını,
su qablarını
təpikləmək dərd çəkməkdən pisdimi?
Tutalım, evlənmisən,
evdə uşaqların var,
pulun az, məvacibin yox -
noolsun?!
Uşaqları dərd eləmə,
bura bax,
yenə dərdə taxılma!
Onları əvvəlkindən də
gözəl böyüdəcəksən...
Bu şeiri Murad Köhnəqala yazıb. Sanki bugünkü yazımız üçün qələmə alıb.
P.S. Murad Mahmudov Piri oğlu (Murad Köhnəqala) 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. "Alma əhvalatı" və "Bulud pinəçisi" kitablarının müəllifidir.
Babək Göyüş
AzNews.az