- Köhnə - Mədəniyyət
- 17 Aprel 2015 16:22
- 6 161
Aktyorlar “erməni soyqırımı” filminə çəkilən aktrisa barədə: “Əxlaqsızlıqdır”
Azərbaycanın sənət adamları azərbaycanlı aktrisa Səbinə Əhmədovanın “erməni soyqırımı”na həsr olunmuş filmdə rol almasına münasibət bildiriblər.
Bu barədə AzNews.az-a danışan əməkdar İncəsənət xadimi, rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov həmin aktrisanın azərbaycanlı olmasına şübhə etdiyini deyib:"Mənim Səbinə Əhmədovanın azərbaycanlı olmasına şübhəm var. O dəqiqləşdirilməlidir görək onun qanında azərbaycanlı qanı varmı? Əgər o, Azərbaycan xanımıdırsa, damarında türk qanı gəzdirirsə, buna rəğmən"qarnına satılıb" belə bir filmə çəklib, ora imzasını atıbsa, ona ar olsun. Həm də lənət olsun. Mən o xanımı yaxından tanımıram. Amma onun haqqında eşitmişəm. haranın aktrisasıdır, kiminlə işləyir, bu haqda bilgiyə malik deyiləm. Hər halda adı və soyadı sübut edir ki, azərbaycanlıdır. Amma bu hərəkəti onun milliyətində qarışıqlıq olduğunu sübut edir".
Xalq artisti Rasim Balayev isə Səbinə Əhmədova adlı aktrisa tanımadığını bildirib:
"Mən o xanımı tanımıram. Filmi də görməmişəm. Görmədiyim film və obraz haqqında da nə isə deyə bilmərəm".
Xalq artisti Fəxrəddin Manafov da S.Əhmədovanı tanımayanlar sırasındadır:
"İlk dəfədir bu adda aktrisa olduğunu eşidirəm. Əgər belə bir adda aktirsa mənə rast düşsəydi ona uydurma "erməni soyqırımı"nı təbliğ etdiyi üçün sərt sözlər deyərdim. İndi düşünürm ki, yaxşı ki, o xanımı tanımıram".
Aktyor Tofiq Hüseynov da Səbinəni tanımadığını, lakin buna rəğmən etdiyi hərəkətin doğru olmadığını və xoşagəlməz hal olduğunu deyib.
Kinoşünas Ayaz Salayev isə baxmadığı filmlə və obrazla bağlı hər hansı bir fikir yürüdə bilmədiyini dedi.
Aktyor Kamran Yunus isə Səbinə Əhmədovanın hərəkətini mənəvi əxlaqsızlıq adlandırıb.:
"Belə məlum olur ki, ya onun südü haram olub, ya da atası o qızı şərəfizliklə, ləyaqətsizliklə böyüdüb. Kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağ boyda yaranı unutmamalıdır. Görünür, o Səbinə Xocalıdan bixəbərdir, minlərlə zorlanan ana - baclarımızdan bixəbərdir. Bu hadisə əxlaqsızlıqdır, mənəvi əxlaqsızlıq. O insana nəinki azərbaycanlı, "azər" demək də artıq günahdır".
Qeyd edək ki, Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova uydurma "erməni soyqırımı"nı təbliğ edən və Moskva erməni diasporunun maliyyələşdirdiyi "Yaşaya bilmədiyimiz həyat" qısametrajlı filminə çəkilib. Rusiya ermənilərinin "ArmeniaFutura" layihəsi çərçivəsində çəkilən filmdə hadisələr İstanbul və Sankt-Peterburqda cərəyan edir. Filmin birinci hissəsində Səbinə Əhmədovanın da canlandırdığı erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun "soyqırımı"ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı həyatı təsvir olunur. Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır.
Bahar RÜSTƏMLİ
AzNews.az