Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak edib.

“Çox gərgin qrafiklə işləyəcəyik“ - Direktor

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak edib.

O, festival çərçivəsində TÜRKSOY və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilməsinə qərar verilən məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinə də üzv seçilib. İ.İsrafilov səfər proqramı, keçirilən görüşlər, elan olunmuş müsabiqə, həmçinin rəhbərlik etdiyi Akademik Milli Dram Teatrının fəaliyyəti, uğurları, beynəlxalq əlaqələri və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Əvvəlcə festival barədə məlumat verməyinizi istərdik.

Konya özü-özlüyündə Türkiyənin ən maraqlı və özünəməxsus bir bölgəsidir. Bilirsiniz ki, Mövlanə Cəlaləddin Ruminin məzarı oradadır, bütün dünyadan insanlar onu ziyarətə gəlirlər. Yəni, Konya müqəddəs torpaq sayılır. Bu baxımdan Konyada keçirilən "Min nəfəs, bir səs" teatr festivalı da böyük maraq doğurur. Konya Beynəlxalq teatr festivalı ənənəvi festivaldır. Türkiyə Dövlət Teatrları baş müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan bu festival artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Bu il festival çərçivəsində Türkiyə və bütövlükdə türk dünyası üçün çox əhəmiyyətli tədbirlər təşkil olundu. Festival işinə Bursa teatrının təqdimatında Sadıx Şəndilin "Qanlı Nigar" pyesi əsasında hazırlanmış tamaşanın təqdimatı ilə başladı. Çox maraqlı, orijinal yozumu ilə seçilən bu səhnə əsəri festivalın işinə xüsusi rəng qatdı. Sonrakı günlərdə festival çərçivəsində 23 aprel - Uşaqlar Günü və Çanaqqala zəfərinin 100 illiyi bir-birindən maraqlı bayram tədbirləri ilə qeyd olundu. Bütün bunlar festivalın işinə bayram ovqatı gətirdi.

Türkdilli dövlətlərin müxtəlif teatrları ilə yanaşı, festivalda qardaş ölkənin bir sıra nüfuzlu teatrları da iştirak edirdi. Kosovonu təmsil edən teatr kollektivi festivalda Türkiyədə 100 illiyinə böyük hazırlıq görülən, görkəmli yazar və dramaturq Haldun Tanerin "Gözlərimi qaparım, vəzifəmi yaparım" adlı pyesini nümayiş etdirdi. Başqa türkdilli dövlətlər də maraqlı səhnə əsərləri ilə təmsil olunurdu. Azərbaycan teatrı bu dəfə Şəki Dövlət Dram Teatrının ifasında Molyerin "Xəsis" pyesi əsasında hazırlanmış tamaşanı təqdim etdi. Azərbaycan teatrının tamaşası iştirakçı teatrların və təqdim olunan tamaşaların içərisində çox böyük marağa səbəb oldu. Yəni, istər tamaşanın rejissurası, istər aktyor ifaçılığı məsələləri, istər bütövlükdə Molyerin bu aktual teatr performansı çox maraqlı idi və tamaşaçılar onu böyük coşqu ilə qarşıladılar.

Konya teatr festivalı, əlbəttə ki, ildən-ilə təkmilləşir, zənginləşir. Bilirsiniz ki, ötən il Akademik Milli Dram Teatrı Konya festivalının qonağı olub. Biz "Kitabi-Dədə Qorqud" eposu əsasında "İlahi oyun" tamaşasını təqdim etmişdik. Hələ üstündən bir il keçməsinə baxmayaraq, bu gün də Konya teatrsevərləri o tamaşanı çox böyük təəssüratla xatırlayırlar. Konya teatr festivalı çərçivəsində, əlbəttə ki, bütövlükdə Türkiyənin teatr həyatı ilə maraqlandım. Müxtəlif teatr mütəxəssisləri, teatrşünaslar, rejissorlar, eləcə də tanınmış aktyorlarla ünsiyyətdə oldum. Bu səfər çərçivəsində Türkiyənin Dövlət Teatrlarının baş direktoru Nejat Bireciklə görüşmək imkanı qazandım. Əslində, biz bundan əvvəl də tanış idik. Amma budəfəki görüş aramızda daha konstruktiv bir dialoqun qurulmasına imkan yaratdı. Mənim Nejat Bireciki Azərbaycana dəvətim onun tərəfindən böyük məmnuniyyətlə qəbul olundu.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması, eləcə də türk sənətçilərinin, ədiblərinin əsərlərinin də Bakıda nümayişi məsələləri ilk olaraq müzakirələrin əsas hədəflərində oldu.

- Yeri gəlmişkən, qardaş ölkədə çalışan sənət adamlarımızla görüşmək imkanınız oldumu?

Bilirsiniz ki, Türkiyədə xeyli azərbaycanlı mütəxəssislər çalışır. Onlardan biri, bizim tanınmış teatr sənətçisi, teatr xadimi Cahangir Novruzovdur. Mən onun Adana teatrında səhnəyə qoyduğu bir tamaşanın təqdimatında iştirak etdim. Deməliyəm ki, nəinki Adanada, bütövlükdə Türkiyənin teatr həyatında o tamaşa haqqında çox qürurverici, maraqlı, dəyərli fikirlər söylənilirdi. Həqiqətən də, tamaşa çox orijinal rejissor yozumu ilə, yüksək ifaçılıq mədəniyyəti baxımından seçilirdi. Ümid edirəm ki, nə zamansa Adana teatrı ilə bizim teatr arasında qarşılıqlı qastrol səfərləri təşkil ediləcək. Bu barədə ilkin fikir mübadiləsi apardıq.

- Siz, həm də səfər çərçivəsində Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinin üzvü seçilmisiniz. Bu müsabiqə ilə bağlı fikirlərinizi oxucularımızla bölüşərdiniz.

Haldun Taner Türkiyənin mədəni, ictimai həyatında xüsusi çəkisi olan, geniş coğrafiyada tanınan bir ədibdir. Heç təsadüfi deyil ki, bu il Türkiyədə Haldun Taner ili elan olunub. Onun adı ilə bağlı pyes müsabiqəsinin keçirilməsinə qərar verilib. Bununla bağlı münsiflər heyətinin tərkibi müəyyənləşib. Münsiflər heyətinə Azərbaycandan məni üzv seçdilər. Bu müsabiqə ilə bağlı yəqin ki, yaxın günlərdə biz Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının üzvləri, o cümlədən müstəqil yazarlarla bir araya gələcək, bununla bağlı elan verib dramaturqlarımızın əsərlərinin bu sənət yarışmasında iştirakını təmin edəcəyik. Müsabiqənin keçirilməsində bəlli şərtlər var. Şərtlərdən ən mühümü odur ki, bu pyeslər indiyə qədər çap olunmamalı və tamaşaya qoyulmamalıdır. Yəni, ilk olaraq müsabiqəyə təqdim edilməlidir. Mövzu sərbəstdir. Ümumiyyətlə, dramaturji ustalıq məsələsi meyar kimi götürülüb. Orada müxtəlif mükafatlar nəzərdə tutulub. Müvafiq olaraq 1, 2 və 3-cü yerlərin sahibləri ilə yanaşı, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Qalib pyeslərin türkdilli dövlətlərin teatrlarında tamaşaya qoyulması nəzərdə tutulur. Müsabiqəyə yaşından asılı olmayaraq, bütün türkdilli yazarlar qatıla bilər. Əsərlər sentyabrın birinci ongünlüyünə qədər təqdim olunmalıdır. Cari ilin noyabrında isə seçimlərə başlanılacaq və ilin sonunda mükafatlandırma mərasimi keçiriləcək. Münsiflər heyətinə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu rəhbərlik edir.

- Yeri gəlmişkən, Akademik Milli Dram Teatrını qarşıda hansı mühüm yeniliklər gözləyir?

May, iyun aylarında çox gərgin qrafiklə çalışacağıq. Bunun əsas səbəbi hər kəsə aydındır. Bilirsiniz ki, iyun ayında Azərbaycan ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edəcək. Bunun misilsizliyi, unikallığı bizi çox sevindirir. Azərbaycanın istər siyasi, istərsə də mədəni həyatında bu oyunların müstəsna əhəmiyyəti olacaq. Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimdə çalışacaq. Yəni, biz tam gücümüzlə, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, artıq tamaşaçı rəğbəti qazanan, səhnə əsərlərinə üstünlük verəcəyik. Bununla yanaşı, bizi qarşıda yeni səhnə əsərləri gözləyir. Belə ki, hazırda Rəhman Əlizadənin "Laləli düzən" pyesinin əsasında Şərif Qurbanəliyevin quruluşunda yeni tamaşa hazırlanır. Azərbaycan nağıllarının əsasında Bəsti Cəfərovanın quruluşunda bir uşaq tamaşası üzərində iş gedir. Təqdim olunacaq bu səhnə əsəri "Nağıllar aləminə səyahət" adlanır. Paralel olaraq Mehriban Ələkbərzadənin quruluşunda Qriqori Qorinin "Herostratı unudun!", Oruc Qurbanovun quruluşunda isə Hüseynbala Mirələmovun "Mərhumun mesajı" pyesləri tamaşaya hazırlanır.

- Bəs, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində hansı işlər görülür?

Hesab edirəm ki, birinci Avropa Oyunlarından sonra kollektiv yeni mövsümə hazırlaşacaq. Yeni mövsüm ərzində əlbəttə ki, bizim bir neçə beynəlxalq layihəmiz var. Biz Afinanın Dövlət Dram Teatrı ilə bir niyyət protokolu imzalamışıq. Bu niyyət protokoluna əsasən Yunanıstan, Azərbaycan, Albaniya, Gürcüstan və İtaliyanın teatr sənətçilərinin birgə əməyi nəticəsində Esxilin məşhur "Zəncirlənmiş Promotey" əsəri əsasında tamaşa hazırlamaq nəzərdə tutulur. Başqa bir niyyətimiz də Hüseyn Cavidin məşhur "Şeyx Sənan" faciəsi əsasında hazırlayacağımız tamaşadır. Bu da Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı ilə birgə layihədir. Hesab edirəm, bu da orijinal layihə olacaq. Əvvəlki əsərin ilk tamaşası Afinada və Bakıda keçiriləcək. "Şeyx Sənan" tamaşasının ilk nümayişi Bakıda, sonra isə Tbilisidə olacaq. "Şeyx Sənan" faciəsində birinci hissədə hadisələr Bakıda, ikinci hissədə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq. Amma mənim üçün dəyərli olan budur ki, Hüseyn Cavidin əsəri ilk dəfə olaraq, gürcü dilində səslənəcək. Elə bilirəm ki, bu, sadəcə xoş niyyət deyil, həm ədəbiyyatımız, həm milli teatr sənətimiz üçün çox əhəmiyyətli, uğurlu bir addım olacaq.

Bundan başqa teatra əslən azərbaycanlı olan, lakin ölkəmizdən kənarda yaşayan iki cavan rejissoru – Novosibirskidən Mikayıl Mikayılovu və Sankt-Peterburqdan Ərşad Həsənovu dəvət etmişik. Bu cavan rejissorlara çox böyük ümidim var. Çünki onlar yaşadıqları şəhərlərdə uğurlu tamaşalar hazırlayıblar. Mikayıl Mikayılov bizim teatrda "Xanuma", "İlahi oyun", "Hamı səni sevənlər burdadı" tamaşalarını səhnələşdirib. O, artıq bizim kollektiv üçün yeni bir rejissor siması deyil. Lakin Ərşad Həsənov Milli Dram Teatrında birinci dəfə tamaşa hazırlayacaq. Bu pyes də özlüyündə çox maraqlıdır. Yəni, dünyanın 30-dan artıq teatrında tamaşaya qoyulan Erik Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri Bakıda, bizim səhnədə təcəssüm etdiriləcək.