- Bir sətir
- 27 Dekabr 22:04
- 1 565
"Tiktok"un bu gün bu formaya gəlməsində elə gühankar özümüzük - Bəhruz Əliyev
Bir müddətdir bu istiqamətdə tədbirlər görülsə də, çoxları hələ də “qəflət yuxusu”ndan oyanmaq istəmir. Nəticədə əxlaqsızlığı, tərbiyəsizliyi daha çox təbliğ etmiş olurlar. Sözügedən halların qarşısını almaq üçün Azərbaycanda “TikTok”un fəaliyyəti dayandırıla bilərmi?
“Dünya ölkələrində sosial şəbəkələri tənzimləmək üçün, müxtəlif təcrübələrdən istifadə olunur. Bəziləri qadağan edir,bəziləri məhdudiyyət qoyur, bəziləri isə vətəndaş məlumatlarının öz ölkəsində saxlanılması kimi tələblər qoyur. Düşünürəm ki, qadağan etmək yox, tənzimləmək, istiqamət vermək hər zaman daha münasib bir üsuldur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
Ekspert qeyd edib ki, böyük iqtisadiyyata sahib ölkələrin müxtəlif məhşur sosial şəbəkə platformaları var.
“Bunların bir qismi ABŞ, bir qismi Çin, bir qismi isə Rusiya seqmentinə aiddir. Bu sosial şəbəkələr arasında ciddi rəqabət var. Hər bir sosial şəbəkə qurucusu da öz istifadəçilərinin sayını artırmaq istəyir. Hazırda 3 milyarddan çox istifadəçi sayı ilə birinci yeri tutan "Facebook"dur. Amma Çinin sosial şəbəkəsi olan "TikTok"un da istifadəçisi kifayət qədər çoxdur. Bu sosial şəbəkənin alqoritması elə qurulub ki, burada insanlar daha tez məşhurlaşır. Burada bir video qısa müddətə böyük kütləyə çata bilir. Elə məhz buna görə də gün keçdikcə "TikTok" istifadəçilərin sayı çoxalır. İnsanların pul qazanma istəyi və məşhurlaşma həvəsi onları bu sosial şəbəkəyə yönəldir. Ona görə də "TikTok"dan istifadə sürətlə böyüyür. Belə olduqda insanların pul qazanmaq üçün, sosial şəbəkələrdə etdikləri qeyri-adekvat hərəkətlər, müxtəlif oyunlar, lazımsız canlı yayımlar, maraqsız məzmunların ortaya çıxmasına səbəb olur. İstifadəçilər diqqət cəlb etmək üçün, heç bir məzmunu olmayan videolar çəkməyə başlayır. Ümumiyyətlə son nəslin sosial şəbəkələrə yönəlməsi, onların aludəçisi olması, onlara maraq göstərməyi dövrün tələbi olması ilə bərabər, özü ilə birlikdə müəyyən ziyanlar da gətirir. Bu kifayət qədər vaxt itkisinə səbəb olur. Gənclər faydalı məzmunlarla məşğul olduqlarına görə, onlar bəzi hallarda daha yaxşı işlər görə bilmirlər. Mənfi işlərlə açıq məşğuliyyət çoxalır. Bu da xarakteri tam formalaşmamış insanları mənfi istiqamətə yönləndirə bilər. Hər bir sosial şəbəkə bu məsələnin bəlkə də fərqində olduğuna görə müəyyən vaxt limiti qoymaq funksiyasını yaradıblar. Yəni istənilən şəxs özü üçün, sosial şəbəkələrdə vaxt limiti yarada bilər. Bu çox yaxşı funksiyadır. Bütün istifadəçilərə tövsiyə olunur ki, onlar sosial şəbəkələrdə keçirdikləri zamanı nizamlasınlar”.
Ekspertin sözlərinə görə "TikTok"u qadağan edərək, bir yerə gəlmək mükün deyil:
“Çünki, qadağalar virtual aləmdə daha çox maraq doğurur. Buna görə də daimi maarifləndirmə işləri görülməlidir. Sosial şəbəkələrinin mənfi xüsusiyyətlərindən insanları uzaqlaşdırmaq üçün daimi maarifçilik ən əhəmiyyətli bir məsələdir. Elə bu maarifləndirmə işi də sosial şəbəkələrdə olmalıdır ki, insanların qarşısına dəyərli məzmunlar çıxsın. Milli dəyərlərimizin qorunması, əxlaqi dəyərlərin mühafizəsi hamımız üçün, ciddi əhəmiyyət kəsb edir və etməlidir. Amma bunun üçün, mən qadağan edici yol seçiminin tərəfdarı deyiləm, çünkü biz açıq cəmiyyətik, qapalı cəmiyyət deyilik. Həm milli dəyərləri qorumaq, həm də açıq cəmiyyət olmaq ancaq maarifləndirmə ilə mümkün olduğunu düşünürəm. Uzaqlarda və ya qonşuluqda olan, amma qapalı olan cəmiyyətlər haqqında insanların fikirləri birmənalı deyil. Bəzi insanların daxili aləminin güzgü rolunu oynayan "Tiktok" kimi sosial şəbəkələri bağlamaq bu insanları yoxa çıxarmayacaq, onlar bu dəfə başqa şəbəkələrdə aktivləşib yenə insanların gözünə girəcəklər. Müasir dövr və informasiya texnologiyalarını bir tərəfə buraxmaq mümkün deyil. Biz daş dövrünə də gedə bilmərik. Məcburuq ki, ayaqlaşaq, inkişaf edək və milli mədəni dəyərlərimizi təbliğ edək. Ona görə də "Tiktok"da elm, texnologiya, innovasiya və milli dəyərləri əks etdirən məzmunların çoxalmasına daha çox ehtiyac var. Eyni zamanda Tiktok-da müsbət məzmunlar da var. Amma izlənilmir və ya az izlənilir, başqa bayağı məzmunlar daha çox izlənilir. Ən çox izlənilən nədirsə, Tiktok istifadəçilərə onu daha çox təklif edir. "Tiktok"un bu gün, bu formaya gəlməsində elə gühankar özümüzük. Bəzilərimiz maraqlarımızda yəqin ki, səmimi deyilik.
“Ona görə də Bakıda sosial şəbəkələrin rəsmi ofisinin olması və həmin ofisin çevik fəaliyyəti ilə, mədəniyyətimizə zidd və əxlaqi dəyərlərimizə qarşı olan məzmunları həm vətəndaşların, həm də əlaqədar qurumların müraciəti ilə aradan qaldırmaq olar. Yoxsa Çindəki vəya Amerikadakı bir ofisdə bizim mədəniyyətimizə zidd olan amma amerikalı üçün, sadə bir məzmun olan bir paylaşımı sildirmək tələbi təbii ki, anlaşılmaya bilər və nəticəsiz qala bilər. Ədalətli olmaq üçün, deyirəm ki, "Tiktok" digər sosial şəbəkələrin etmədiyini edərək, daha hesabatlı davranan sosial şəbəkədir. İcma qaydalarını pozan videoları silir. Şikayət olunan videolar nəzərdən keçirilir və silinir. Bu barədə mediada rəsmi xəbərlər də mövcuddur”.
B. Əliyev sonda vurğulayıb ki, keçid dövrünü yaşayırıq, dünya qloballaşır:
“Süni intellekt, sosial şəbəkələr və arxasıyca kuantum texnologiyaların gəlməsi bizi keçidlərə hazır etməlidir. Məcburuq ki, yenilikləri nəzərdən keçirərək, uyğun formada qəbul edək, müsbət və xoş niyyətlə istifadə edək. Milli dəyər və əxlaq prinsiplərimizi mühafizə etməklə yeniliklərdən uzaqda qalmayaq və inkişafda olaq. Ölkəmizə hər zaman uğurlar arzu edirəm”.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsi üzrə hazırlanmışdır.