Təqsirləndirilən 2 nəfər əldə etdikləri qızılı zərgərə satıblar Təqsirləndirilən 2 nəfər əldə etdikləri qızılı zərgərə satıblar

“Yaxınlaşanda gördüm ki, qanın içindədir” - Quldur öz qohumu imiş...

Təqsirləndirilən 2 nəfər əldə etdikləri qızılı zərgərə satıblar

Qohumunun evindən quldurluq etməkdə təqsirləndirilən İlkin Məlikov və Kamran Cəngilmalıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Şahbala Tağızadə deyib ki, qızıl alveri ilə məşğul olur. Şahid qeyd edib ki, oğlu ona zəng edərək mağazaya bir müştərinin qızıl gətirdiyini deyib: "Mağazada deyildim. Geri qayıdıb qızıla baxdım. 1635 manat qiymət qoydum. Əvvəlcə razılaşmadı, sonradan razılaşdı. Bir neçə saat sonra Binəqədi polisindən gəldilər. Qızılı təhvil verdim. Qızılı alanda sənədləşmə etmişdim. Polisə təqdim etdim".

Məhkəmədə şahid Zaur Balazadə deyib ki, zərərçəkmişlər qonşularıdır: "Uşağı məktəbə aparırdım. Eşitdim ki, qonşu Solmaz xanımın həyətindən səs gəlir. Yaxınlaşanda gördüm ki, qanın içindədir. Kömək elədim, ailə üzvlərinə xəbər elədim. Solmaz xanım dedi ki, başına taxta vurub boğazında qızıl boyunbağısını aparıblar. Sifəti qanın içində idi".

Təqsirləndirilən şəxslər növbəti məhkəmə iclasında ifadə verəcəklərini deyiblər. Məhkəmə iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Novxanı bağlar sahəsində baş verib. Fərdi yaşayış evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İlkin Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Azər
AzNews.az