- Qanundan kənarda
- 12:59
- 1 201
70 kiloqram qızılla tutulan diplomat bu tanınmış şəxsin qardaşıdır
Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüatlar məlum olub.
Qəhrəman Məmmədov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşıdır.
Qərib Məmmədov Metropolitenin sabiq rəisi, mərhum Tağı Əhmədov YAP Yasamal Rayon Təşkilatına sədrlik etdiyi dövrdə onun birinci müavini olub. Qərib Məmmədov qardaşının həbsi ilə bağlı açıqlama verməyə tələsmir. Məlum olan budur ki, Qəhrəman Məmmədov Türkiyəyə Ərəbistandan gəlib. Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur və onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.
Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığında ittiham olunur. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qaçaqmalçılıq barədə məlumat əldə edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması üzə çıxıb.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb. Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.
İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığınıln arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?
Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.
Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub.
Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 - ölkə hüdudlarından kənarda qaçaqmalçılıq, 341.1 - vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib.
İttihamlara əsasən, Qəhrəman Məmmədovun ölkə xaricində hərbi attaşe vəzifəsini icra edərkən qeyri-qanuni fəaliyyətlə məşğul olduğu iddia edilir. Digər bir iddiaya görə, onun adı xarici ölkələr arasında qaçaqmalçılıq təşkil edən şəbəkənin fəaliyyətində hallanıb. Bu hadisə Azərbaycanda diplomatik toxunulmazlıq imkanlarından şəxsi məqsədlər üçün istifadə edən şəxslərin məsuliyyət məsələsini yenidən gündəmə gətirib.