General Məmmədov 138 ay həbs cəzası aldı - HÖKM OXUNDU

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham edilən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəislərinin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər bəyan edib ki, müttəhim zabitlərə verilmiş ittihamlar məhkəmə istintaqında kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən onlara ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməli, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər.

Hökmə əsasən, general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.