Ölkəyə 72 kiloqram narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib

Külli miqdarda narkotikləri ölkəyə qeyri-leqal yollarla gətirərək satışının təşkil etməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar. Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

AzNews.az