MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsə hökm oxunub

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Elvin Cəfərov MN-dəki mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.