- Qanundan kənarda
- 1 Aprel 14:31
- 3 051
Nüfuz alverində ittiham olunan keçmiş vəkil cinayət məsuliyyətindən azad edilib

Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Babək Vahid oğlu Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində onun şikayəti üzrə qərar verilib.
Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.
Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.
Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.
O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.