ADA Universitetində Bakı Yay Enerji Məktəbi işə başlayıb

Bu gün ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb.

“Aznews.az” xəbər verir ki, Yay məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və ADA Universiteti Fondu tərəfindən, “BP Azərbaycan”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan və Gürcüstan Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilir.

Bununla bağlı ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Ekologiya naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz çıxış ediblər.

Tədbir zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.

ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə builki Yay məktəbinin mövzusunun bərpa olunan və eləcə də yaşıl enerji olduğunu və 2024-cü illin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına həsr olunduğunu vurğulayıb. F. İsmayılzadə həmçinin qeyd edib ki, bu Yay məktəbi Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq planının mühüm hissəsi olan bərpa olunan enerji potensialının inkişaf etdirilməsi öhdəliyinə töhfə vermək məqsədi daşıyır.

Bakı Yay Enerji Məktəbi Xəzər regionuna xüsusi diqqət yetirərək enerji və ekologiya məsələlərini araşdırmaq və öyrənmək üçün dünyanın tanınmış alimlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirən beynəlxalq iki həftəlik sertifikat proqramıdır.

Proqram Xəzər regionunun enerji landşaftında transformativ dəyişikliklərə, davamlı inkişafa və iqtisadi artıma töhfə vermək üçün dövlət və özəl sektorların kollektiv səylərini özündə əks etdirir.

İnteraktiv mühazirələr, nümunə araşdırmaları və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramı bir neçə tanınmış enerji şirkətlərindən, beynəlxalq təşkilatlardan, ali təhsil müəssisələrindən yüksək və orta səviyyəli mütəxəssisləri, eləcə də enerji və ekoloji məsələləri araşdıran alim və ekspertləri cəlb edib. Bu ilki proqramda 12 ölkəni təmsil edən 50 iştirakçı iştirak edəcək. Həmin ölkələr sırasında Azərbaycan, Albaniya, Bolqarıstan, Çexiya, Çin, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və, Böyük Britaniyanın qeyd etmək olar.

Proqram iştirakçıları Çexiyanın Sənaye və Ticarət Nazirliyini, Bolqarıstan Xarici İşlər Nazirliyini, Səudiyyə Ərəbistanının Energetika Nazirliyini, Vyetnam Neft və Qaz Qrupunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “bp Azərbaycan”ı , ABŞ və Macarıstandakı beyin mərkəzlərini və digər təşkilatları təmsil edirlər.

Bu intensiv iki həftəlik proqram bir həftə Bakıda və bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə iyulun 8-dən 19-dək keçiriləcək. Məktəbin bu beynəlxalq formatı iştirakçılara enerji məsələləri və Yaşıl Enerji Dəhlizi ilə bağlı regional perspektivləri öyrənməyə, klassik enerji mənbələri və bərpa olunan enerji mövzularına kompleks regional yanaşmanı təmin etməyə imkan verir.