ARDNF-in aktivlərində qızılın həcmi 170 tona çatacaq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərində qızılın həcminin 2025-ci ilin aprel-may aylarında 170 tona çatacağı gözlənilir.

Bunu ARDNF-in İnvestisiya Departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunlarına və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirib.

"ARDNF investisiya portfelində qızılın payını 25 %-ə çatdırmağı planlaşdırır. 2024-cü ildə fond tərəfindən 44,8 ton qızıl alınıb ki, bunun da 41 tonu artıq ölkəyə gətirilib. Beləliklə, 2024-cü il dekabrın 31-nə fondun aktivlərində qızılın ümumi həcmi 146,6 ton (investisiya portfelinin 20,6 %-i), dəyəri isə 12,4 milyard ABŞ dolları təşkil edib", - o qeyd edib.

Direktorun sözlərinə görə, 2024-cü ildə qızılın qiyməti 27,2 % artaraq bir troya unsiyası üçün 2 063 ABŞ dollarından 2 624,5 ABŞ dollarına qədər yüksəlib. Bununla yanaşı, 2024-cü ilin əvvəlindən 2025-ci ilin mart ayına qədər olan dövrü nəzərə alsaq, qızıl 40 % bahalaşıb.

"Qızıl alışı 2025-ci ildə də davam edəcək və aprel-may aylarında onun həcminin təxminən 170 tona çatacağı gözlənilir", - F.Zeynalov əlavə edib.