Güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur

Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq:

"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”.