Bakıda daha 213 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

AzNews.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksək keyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun “Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.

Yeni mənzillər vətəndaşların seçimi üçün 8 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.