- Siyasi müzakirə
- 14 Sentyabr 2023 18:07
- 10 236
Zəngəzur dəhlizinin açılması üçün hərbi əməliyyatlara ehtiyac ola bilər - Ekspert
![](https://www.aznews.az/storage/2023/09/14/_118180503_f76a7d5c-a8c3-479f-b0de-6350864049b1.jpg)
“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”.
Bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır: “Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.
Mövzu ilə bağlı AzNews.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın və Türkiyənin yox, həm də regionun digər siyasi faktorlarının da maraqlarına uyğundur.
"Məsələn, Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Hətta nəinki region, eyni zamanda bir sıra qlobal oyunçular da bu prosesdə maraqlıdır.Çünki Zəngəzur dəhlizinin açılması beynəlxalq ticarətə töhfə verib. Hazırda Azərbaycanla yanaşı Türkiyə də Zəngəzur istiqamətində mühüm addımlar atır. Hesab edirəm ki, artıq Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülür. Türkiyə prezidentinin Rusiyaya səfəri, onun ardınca Azərbaycan Prezidenti ilə telefon danışığı, Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı, Türkiyə xarici işlər naziri Hakan Fidanın əvvəlcə Rusiyadan İrana səfəri və s. Bu kimi təmaslarda Zəngəzur dəhlizinin açılması əsas mövzulardan biri olub".
K.Novruzov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin açılması üçün müəyyən qədər İranı "razı salmaq" lazımdır.
"Amma bu o demək deyil ki, İran "razılıq verməsə", biz Zəngəzur dəhlizini aça bilmərik. Bu məsələyə isti yanaşsa, proses bizim üçün daha asan olar və düşünürəm ki, son vaxtlar Tehranla Bakı arasında əsən soyuq küləklərin dinməsi də bu yolda müsbət siqnaldır. Zəngəzur dəhlizinin açılması üçün müəyyən hərbi əməliyyatlara ehtiyac ola bilər. İstisna deyil ki, hərbi əməliyyatlar olacaq, amma əvvəlcə siyasi razılıq əldə olunacaq".
Ayan Rzayeva