Özbəkistanlı ekspert: “Bu seçkilər demokratik islahatların davam etdirilməsinə, sosial-iqtisadi inkişafda yeni zirvələrin əldə olunmasına xidmət edir”

“Seçkilər dövlətin idarə olunmasında xalqın iradəsini ifadə edən vasitədir. Seçki prosesində ölkə vətəndaşları özlərinin gələcəkləri naminə birləşirlər. Parlament seçkiləri bu mənada ölkə tarixində silinməz iz qoyan əlamətdar siyasi hadisədir, xalqı inkişaf və tərəqqi yoluna yönəltməyə cavabdeh olan nümayəndələrin seçdiyi məqamdır”.

Bunu özbəkistanlı ekspert, “İnkişaf Strategiyası” Mərkəzinin icraçı direktoru Eldor Tulyakov Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, seçkilər zamanı ölkənin siyasi kursu, gələcəyi, dünya birliyində yeri müəyyən edilir:

“Ona görə də qardaş Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkiləri dövlətin gələcək inkişafı yolunda əsas addımlardan biridir. Mən tam əminəm ki, Azərbaycan xalqı öz vətəndaş fəallığını nümayiş etdirərək seçkilərdə aktiv şəkildə iştirak edəcək, ən layiqli namizədləri seçəcək. Bu seçim dövlətin möhkəmlənməsinin, demokratik islahatların davam etdirilməsinin, sosial-iqtisadi inkişafda yeni zirvələrin əldə edilməsinin əsasına çevriləcək. Qoy hər bir səs güclü, ədalətli və firavan Azərbaycan quruculuğuna töhfə olsun”, - deyə Eldor Tulyakov fikrini yekunlaşdırıb.