"Ermənistan monoetnik dövlətə çevrilib" - Deputat

“27 sentyabr şanlı tariximizdə yeni bir başlanğıc oldu. Ali baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən xalqımız Zəfər tarixi yazdı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı tarix durduqca dillərdə dastan olacaq”.
Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskənədrov deyib.

“Ermənilərin 100 illər boyu bizim tarixi torpaqlarımıza göz dikməsi həmişə regionda bir gərginlik yaratmışdı. Rəsmi İrəvan hər həmlədə bizdən torpaq qoparmağa çalışmış, xarici havadarlarından istifadə etməklə buna nail də olmuşdu. Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası nəinki ətraf qonşularına elə erməni xalqına da həmişə böyük zərər gətirib. 20-ci əsrdə həmvətənlərimizin başına gətirilən oyunlar bir daha göstərir ki, bu ideyayla yaşayan bir toplum necə təhlükəli bir barbara çevrilir. 1987-ci ildən başlayaraq 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Biz bunları unutmamışıq”.

Deputat həmçinin qeyd edib ki, xalqımız həmişə sülhsevər bir xalq olub: “Amma mənfur qonşuların bəyanatları artıq bizi məcbur edirdi ki, tarixi torpaqlarımızı sülhlə yox, müharibəylə qaytaraq. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci il iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirməklə yanaşı, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər. 2020-ci il 27 sentyabrda atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Nəticədə biz 44 gün ərzində tarixi ədaləti bərpa etdik. Bu baxımdan 27 sentyabr bizim üçün çox vacib bir gündür. Anım Günü dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir”.

AzNews.az