Deputat: ”Qubadlının işğaldan azad olunması ilə yeni inkişaf tarixi başlanıb"

”Qubadlının işğaldan azad olunması ilə yeni inkişaf tarixi başlanıb. Rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Qubadlının işğaldan azad olunması gününün təsis edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu tarixi əbədiləşdirmək yolunda atılan növbəti bir addımdır”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Məhz Qubadlı ətrafında gedən döyüşlər bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ancaq bütün çətinliklərə baxmayaraq ordumuz peşəkar bir döyüş apardı. Azərbaycan ordusu bu peşəkarlığı, fədakarlığı nəticəsində ilk növbədə, şəhərə hakim olan yüksəklikləri götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Bu hadisə isə bizim döyüş yolumuzu daha geniş şəkildə açmış oldu. Ümumilikdə noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olundu”.

Deputat qeyd edib ki, Qubadlıda aparılan infrastruktur işləri rayonun sosial iqtisadi inkişafına təkan verəcək. “Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Bununla yanaşı Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. Əlbəttə bu layihələr davamlı olacaq. Hər il 25 oktyabr Qubadlının şəhər gününü qeyd edərkən biz bu şəhərin günü-gündən gözəlləşdiyinin şahidi olacağıq”.