- Siyasi müzakirə
- 9 Noyabr 22:18
- 8 670
Bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda dalğalanmağından böyük qürur hissi keçiririk - Fatma Yıldırım
“9 Noyabr Dövlət Bayrağı Günü bizim üçün ən əziz bayramlardan biridir. Çünki üçrəngli müqəddəs bayrağımız müstəqil dövlətimizin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Bayrağımız yalnız Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə Naxçıvan Ali Məclisində qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu”. AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tədbirlərdə zirvələrə qaldırılır. Biz, vətəndaş olaraq bununla qürur duyuruq.
Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dörd ildir ki, müqəddəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
“Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır”,- deyən Fatma Yıldırım əlavə edib ki, bu gün bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə respublikamızın hər yerində dalğalanır. Biz bundan böyük qürur və iftixar hissi keçiririk. Azərbaycanın üçrəngli müqəddəs bayrağı bundan sonra da daim zirvələrdə dalğalanacaq!