- Siyasi müzakirə
- 14 Noyabr 21:41
- 7 081
"Prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidlər artıb" - Rizvan Nəbiyev
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə edilən məsələlərin aktuallığı, əhatəliliyi və qatılan iştirakçıların sayı baxımından BMT sistemi daxilində olduqca mühüm əhəmiyyətə malikdir. Əgər BMT-nin 193 üzv dövləti varsa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 198 dövlət qoşulub. Belə qlobal əhəmiyyətli tədbirin 2023-cü ildə beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun təsdiqidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
O bildirib ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qlobal iqlim dəyişikliyinin təsirləri ilə bağlı bütün məsələlərin hərtərəfli müzakirəsi və hamının mövqeyinin səsləndirilməsi üçün əla platforma təşkil edib. COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbirdir və onun təşkili üçün ölkəmiz cəmi 10 ay vaxt sərf edib:
“Sessiyanın gündəliyi Azərbaycanın müəyyən etdiyi prioritetlərlə yanaşı, dünya birliyinin COP29-dan gözləntiləri əsasında formalaşdırılıb. Dünya birliyi dedikdə COP29-da müxtəlif səviyyələrdə təmsil olunan 196 ölkə, çoxsaylı beynəlxalq təşkilat və transmilli şirkətləri təmsil edən 72 min iştirakçı nəzərdə tutulur. Onların təxminən yarısı - 80 dövlət Prezident, Vitse-prezident, Baş nazir səviyyəsində qlobal və milli maraqlar arasında balans əldə edilməsi üçün Bakıdadır”.
Sessiyanın əsas hədəfləri barədə danışan deputat bildirib: “COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. Bu kontekstdə əsas məsələ iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunması və iqlim maliyyələşdirilməsi ilə bağlı inkişaf etməkdə olan dövlətlərə ayrılacaq konkret illik məbləğin razılaşdırılmasıdır”.
Deputat qeyd edib ki, COP29-da digər prioritet məsələ Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsidir: “Bu qərar bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Çünki əgər karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, bu, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər. Belə ki, tənzimlənən karbon bazarı imkan verəcək ki, dövlətlərin milli iqlim planları həyata keçirilərkən ildə 250 milyard ABŞ dolları məbləğində vəsaitə qənaət olunsun. 2015-ci ildə Paris Sazişinin imzalandıqdan uzun müddət keçsə də, çoxsaylı müzakirələrə baxmayaraq, onun 6.4-cü maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Bakı sessiyasının isə ilk günündə il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq bu razılaşma əldə olundu. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırıb”.
Rizvan Cəbiyev COP29 Sədrliyinin iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəlmiş 14 təşəbbüsü arasında Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) xüsusi çəkiyə malik olduğunu diqqətə çatdırıb. O, cari il sentyabrın 3-də istifadəyə verilən bu platformanın Azərbaycanın COP29 Sədrliyi çərçivəsindəki çox önəmli təşəbbüslərindən biri olduğunu vurğulayıb.
“Dövlətlər hər beş ildən bir təqdim etdikləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədləri vasitəsilə iqlimlə bağlı növbəti beş il üçün karbon emissiyalarını azaltmaq, enerji keçidi strategiyalarını hazırlamaq, dəyişən iqlimə uyğunlaşmaq üçün adaptasiya tədbirləri həyata keçirmək kimi ambisiyalarını yeniləyirlər.
Bu beşillik planların icrası ilə bağlı dövlətlər tərəfindən hər iki ildən bir hesabatlar, İkiillik Şəffaflıq Hesabatları təqdim edilməlidir. Hesabatların dövlətlər tərəfindən COP tarixində ilk dəfə bu il təqdim edilməsi planlaşdırılır. Ancaq qeyd olunan irihəcmli hesabatlar hazırlanması həm texniki, həm də substantiv baxımdan olduqca mürəkkəb prosedura malikdir və ciddi təhlil tələb edir. Bakı platformasının yaradılması da məhz dövlətlərə bu cür texniki imkan və ekspertiza dəstəyini təmin edəcəkdir”, - deyə o qeyd edib.
“Maliyyə hədəflərindən biri də COP tarixində ilk dəfə yaradılacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) qalıq yanacağı istehsal edən ölkələrin və şirkətlərin birgə töhfəsi hesabına formalaşdırılmasıdır. İMFF çərçivəsində Azərbaycanın əsas məqsədi mədən yanacağı istehsal edən ölkələrin və özəl şirkətlərin maliyyə töhfələri hesabına inkişaf etməkdə olan dövlətlərdə yaşıl enerjinin inkişafı üçün bir milyard dollar həcmində investisiya cəlb etməkdir. Düşünürəm ki, ölkəmiz bu tədbirin də, onun missiyalarının da öhdəsindən uğurla gəlməkdədir”, - deyə Rizvan Nəbiyev deyib.