Makronun Qafqazda yeni “vasitəçilik təklifi” - Fransa bölgəni DÖYÜŞ MEYDANINA çevirəcək

Fransa lideri çalışır ki, bölgə münaqişə ocağı olaraq qalsın

Fransa prezidenti Emmanuel Makron hakim “Gürcü Arzusu” - Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bdzina İvanişvili ilə telefon danışığı zamanı respublikadakı vəziyyəti müzakirə edib və böhranın həllinə köməklik təklif edib. Bu barədə “Gürcü Arzusu”nun mətbuat xidməti məlumat yayıb. “Fransa prezidentinin təşəbbüsü ilə "Gürcü arzusu"nun fəxri sədri Bdzina İvanişvili ilə Emmanuel Makron arasında telefon danışığı olub. Makron qeyd edib ki, o, Gürcüstanda yaranmış vəziyyətdən təəssüflənir və vəziyyətin tam aradan qaldırılması üçün öz töhfəsini verməyə hazır olduğunu bildirib. Bdzina İvanişvili də öz növbəsində Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb", - mesajda deyilir. Söhbətin bir saat davam etdiyi qeyd edilir.

Bəllidir ki, keçmiş müstəmləkələrindən biabırçı formada qovulan Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Atdığı son addımlar göstərir ki, bu ölkə Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında ən neqativ qüvvə kimi çıxış etməyi qarşıya məqsəd qoyub. Fransanın yeni Qafqaz siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. O səbəbdən Makronun indi Gürcüstan hökumətinə müxalifətlə vasitəçilik təklifi qeyri-səmimidir. Üstəlik, nəzərə alsaq ki, Tiflisdə araqarışdıran elə Fransanın agenti olan xanım Zurabişvilidir.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, Paris hökumətinin Cənubi Qafqaza çomaq soxmaq planları puça çıxacaq: “Paris Qərbdən uzaqlaşan Tiflisi yenidən öz oxuna qaytarmaq istəyir. Amma Makron kimi səriştəsiz və uğursuz bir liderin bu işi öz əlinə alması müsbət heç nə vəd etmir. Fransa Cənubi Qafqazda Rusiya ilə burun-buruna gəlməkdən çəkinir. Çünki bunun üçün resursları və təsir rıçaqları olduqca zəifdir. Amma məsələni diplomatik müstəviyə keçirməklə Güney Qafqazda durulmaqda olan suları hər vəchlə bulandırmağa çalışır. Ermənistanı silahlandıraraq revanşist qüvvələrə "qara ümid" donu geyindirən Fransa Gürcüstana müsbət heç nə verməyəcək. Avropanın “soyqırımı maşını” olan Fransa Gürcüstanı Rusiya ilə üz-üzə qoymaq niyyətindədir. İngiltərənin yoxluğunda Fransa Güney Qafqazda möhkəmlənmək istəyir. Azərbaycanla münasibətləri tamamilə korlayan Fransa indi də Gürcüstanın ətəyindən yapışıb. Amma hazırkı gürcü iqtidarı kifayət qədər ağıllı oyun qurur. Çox güman ki, Bdzina İvanişvili vaxt udmaq üçün Makronun təşəbbüslərinə “təbəssümlə” yanaşır. Düşünürəm ki, Makron Gürcüstanda istədiyinə nail olmasa, o zaman gürcülərə qarşı “erməni kartı”ndan istifadə edə və “Cavaxetiya məsələsini” tozlu rəfdən yenidən çıxara bilər. Yəni Fransa silahlandırdığı erməniləri, revanşistləri Gürcüstanın üzərinə qaldıraraq Güney Qafqazda yeni qan çanağı yaratmaq istəyəcək. İmperialist Fransa bununla da Gürcüstana qulaqburması vermək istəyəcək. Paris hökuməti anlamır ki, Fransanın Cənubi Qafqazda köklü dayaqları yoxdur. Onların bölgəyə gəlişi hər üç ölkə ilə normal münasibətlərdən keçir. Ən əsası, Cənubi Qafqaza dost kimi gəlmək lazımdır. Üstəlik, kimliyindən asılı olmayaraq, Azərbaycanla münasibətləri normallaşdırmaq vacibdir. Ona görə də Paris hökumətinin buralara çomaq soxmaq planları puça çıxacaq".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov dedi ki, Gürcüstan Azərbaycan üçün strateji ölkədir: “Orada Azərbaycan dövləti və biznesinin güclü iştirakı var. Türkiyəyə gəldikdə isə o, bizim qardaşımız, müttəfiqimizdir. Azərbaycan türkdilli dövlətlərin dünya sisteminə inteqrasiyasına ciddi töhfə verməyə çalışır. Ermənistan isə törətdiyi cinayətlərə görə cavabını alıb. Əgər Fransanın fəaliyyəti İrəvanda revanşizm ruhunu canlandırarsa, bu, ilk növbədə Ermənistana bəla gətirəcəkdir. Gürcüstana gəldikdə isə sağlam düşüncə sahibləri 2008-ci ilin nəticələrini yaxşı xatırlayır. Məhz Qərbin və Avropanın təşviqi ilə Saakaşvili vaxtından əvvəl və hazırlıqsız şəkildə hərəkət etdi və Gürcüstan bu gün ərazi itkiləri ilə üzləşir. Düşünürəm ki, Rusiyada ciddi biznes maraqları olan Bdzina İvanişvili bunu çox yaxşı bilir. Buna baxmayaraq, hər bir dövlət balanslı siyasət yürütmək istəyir, çünki dünya prosesləri sürətlə inkişaf edir və reallıqlar dəyişir. Fransa Gürcüstan üçün həm də ona görə vacibdir ki, Avropa ilə əlaqələr çox da gərginləşməsin”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Makronun əsl niyyətinin Cənubi Qafqazda daim münaqişə ocaqlarının qalması olduğunu diqqətə çatdırdı: “Əslində elə Gürcüstanda vəziyyəti gərginləşdirən və ölkədə sabitliyin pozulmasına çalışan və "Gürcü Arzusu" hakimiyyətini inqilab yolu ilə devirmək istəyən Qərbdir, xüsusən Fransadır. Makron bütün gücü ilə çalışır ki, Qafqaz münaqişə ocağı olaraq qalsın, Qafqazda sülh əldə edilməsin, müharibə alovlansın və hər üç ölkədə vəziyyət müharibə şəraitində davam etsin. Bu gün açıq şəkildə Qərblə Rusiya arasında gərgin mübarizə gedir. Qərb Qafqazda Rusiyanın təsir imkanlarını aradan qaldırmaq istəyir və özünü Qafqazın ağası kimi aparmaq istəyir. Tamamilə doğrudur ki, Fransa müstəmləkəçidir. Əlcəzairdə, Afrikada törətdiyi soyqırımlar, işğalçılıq çox yaxın tarixdə baş vermiş hadisələrdir. Fransa Ermənistana boş yerə silah vermir. Pulsuz pendir tələdə olar. Bədbəxt ermənilər başa düşmür ki, Fransa Ermənistanı fəlakətə sürükləyir. 30 il ərzində Rusiya Ermənistanı pulsuz silahlandırdı. Nəticə nə oldu? 44 günlük müharibədən çox ciddi nəticə götürməli, Fransanın çirkin məqsədlərini başa düşməlidirlər. Növbəti müharibə Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxardacaq. Müharibə olsa, Ermənistanı heç kim xilas edə bilməyəcək. Bununla bağlı cənab Prezident İlham Əliyev xəbərdarlıq da edib. Fransa öz məqsədləri üçün erməniləri qurbanlıq verəcək. Heç kim gəlib ermənilərin yerinə vuruşmayacaq. Nəticədə onsuz da əhalisi çox az olan ermənilərin genofonduna ağır zərbə vurulacaq. Ali Baş Komandanın əmri ilə Azərbaycan xalqı anındaca orduya çevriləcək. Həmçinin Azərbaycan hər il dövlət büdcəsindən yüz milyonlarla manat həcmində ən müasir silahlar alır və ordu quruculuğunu Türkiyənin sisteminə keçirir. Sonda onu da bildirim ki, Makronun Gürcüstanda sülhyönümlü siyasət istəyi qeyri-mümkündür. Çünki Qərbin belə bir niyyəti yoxdur".