- Siyasi müzakirə
- 16:40
- 1 656
Azərbaycana qarşı hücumlar hibrid üsullarla həyata keçirilir - ŞƏRH
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam miqyasda bərpa etməsinin siyasi nəticələri regional və beynəlxalq müstəvidə öz təsirini göstərməkdədir. Ən yeni tarixdə ilk dəfə idi qlobal oyunçuların maraqlarının bu qədər kritik kəsişdiyi Cənubi Qafqaz kimi strateji regionda bir ölkə torpaqlarını öz hesabına azad edib və bununla da regionun siyasi, iqtisadi, təhlükəsizlik parametrlərini kardinal şəkildə dəyişib.
Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıra ölkələr, xüsusilə ABŞ, Fransa və Kanadanın Azərbaycanın hərbi-siyasi gücü hesabına həllini tapmış keçmiş Qarabağ münaqişəsini “diriltmək”, var gücü ilə gündəmdə saxlamaq təşəbbüslərinin səbəbi də budur. Məhz adlarını sadaladığım ölkələr bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürür, beynəlxalq müstəvidə regional reallığı təhrif olunmuş şəkildə təqdim edirlər.
Diqqətlə nəzərdən keçirdikdə bu hücumların bir mərkəzdən idarə olunduğu və sistemli xarakter daşımaqla hibrid üsullarla həyata keçirildiyi aydın olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.
O bildirib ki, COP29 kimi beynəlxalq nüfuzlu tədbir ərəfəsində, günlərində və sonrakı vaxtda Azərbaycan dünya mediasının və siyasi dairələrin aqressiv hibrid hücumuna məruz qaldı.
Bu hibrid üsulları bir neçə qrupa bölmək olar: təhrif olunmuş məlumatlar əsasında aparılan manipulyasiya, yalan və böhtana söykənən dezinformasiya kampaniyaları.
“Konfrans ərəfəsində Azərbaycan cəmiyyətində COP29-la bağlı mənfi ab-havanın formalaşmasına hesablanmış, konfrans günlərində guya qapanmaların tətbiq ediləcəyi ilə bağlı təbliğat aparılırdı. Sosial platforma hesabları üzərindən geniş miqyasda əlaqələndirilən, tövsiyə alqoritmləri ilə manipulyasiya edilən COP29 əleyhinə materiallar kütləvi şəkildə təşviq olunurdu. Konfransdan sonra hibrid üsullar fərqli təbliğatla davam etdirildi. Məqsəd kimi dezinformasiya və manipulyasiyalar vasitəsilə COP29-un nəticələrinin şübhə altına alınması seçilmişdi”,- deyə Y. Hacıyeva vurğulayıb.
Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycana qarşı beynəlxalq mediada aparılan anti-təbliğatda ABŞ və Avropanın aparıcı piar şirkətlərinin iştirak etməsi haqqında məlumatlar zaman-zaman ifşa olunub. Son bir ildə belə kampaniyalarda ABŞ və Avropanın bir sıra aparıcı piar şirkətlərinin iştirakı bəlli dəst-xətti olan media təsisatlarında da müşahidə olunur. Bunlar daha çox ABŞ və Aİ ölkələrinin xüsusi xidmət orqanlarının ənənəvi təbliğat üsulları, adət-ənənələri tətbiq olunmaqla aparılan anti-təbliğat əməliyyatlarıdır. Bunu iddia etmək üçün xüsusi xidmət orqanlarının ənənəvi təbliğat üsullarına və həssas proseslərdəki davranış sinxronluğuna baxmaq kifayətdir.
Məsələn, ABŞ dövlətinin İraq, Mərkəzi Asiya, Balkan və digər regionlardakı əməliyyatlarının sistemli şəkildə müsbət yöndə təbliğ edən media resursları uzun illər Rusiya və Çinə qarşı aparılan təbliğatın elementlərindən istifadə etməklə, indi də anti-Azərbaycan propaqandası aparır.
Məsələn, Xankəndidə “aclıq realiti şousu” ABŞ-ın media sənayesi ruhunda və adət-ənənəsi ilə həyata keçirilən dezinformasiya əməliyyatı idi.
Avropa İttifaqı (Aİ) media müstəvisində anti-Azərbaycan məzmunlarının monitorinqi və təhlili göstərir ki, bu təbliğatın istinad mənbələrində öndə fransızdilli media və onların dərc etdiyi məqalələr gəlir. Bu prosesdə paralel olaraq Aİ-nin müxtəlif ölkələrində erməni lobbi dairələrinə yaxın media resursları da iştirak edir.
Yuxarıdakı məqamlar və Avropa İttifaqının media müstəvisində Azərbaycan haqqında tirajlanan saxta xəbərlərin və manipulyasiyaların məzmunlarının müntəzəm təhlili belə sifarişin heç də insan haqları, demokratiya ilə bağlı olmadığını üzə çıxarır.
Azərbaycana qarşı səfərbər olmuş beynəlxalq media və QHT-lərin istifadəsi ilə bu hibrid hücumların hədəfləri haqqında danışarkən insan haqları ilə bağlı manipulyasiyaların, ümumiyyətlə, bu anti-təbliğatın hədəflədiyi bir neçə məqsəd var:
- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qabartmaq və beynəlxalq təşkilatlarda davamlı təbliğat aparmaqla anti-Azərbaycan cəbhəsi formalaşdırmaq,
- Beynəlxalq təşkilatlarda davamlı təbliğatın yaratdığı gərginlik və təzyiqlər fonunda ölkənin beynəlxalq təşkilatlardan özünütəcrid yolunu tutmasına nail olmaq,
- Ölkədə iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsi görüntüsü ilə regionda yeni müharibə riskinin mövcudluğunu iddia etmək və Azərbaycanı regional təhlükəsizliyə hədə kimi təqdim etmək,
- Bütün bu təbliğatların təsiri altında Azərbaycandan xaotik geri çəkilmə, birtərəfli güzəştlərə nail olmaq,
- Ən əsası isə Ermənistanla danışıqlarda Azərbaycan mövqelərinin zəifləməsi, sabit zəminsiz sülh sazişinin imzalanmasına nail olmaq məqsədi güdülür.