- Siyasi müzakirə
- 24 Dekabr 18:25
- 1 756
"Xalq Prezidentə inanır" - deputat
“Prezident İlham Əliyevin həyat və fəaliyyətinə nəzər salsaq görərik ki, onun bütün fikri, düşüncəsi məhz Azərbaycanın inkişafı, rifahı, xalqımızın gələcəyi olub. Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, biz bu gün güclü Azərbaycan vətəndaşı kimi bütün dünyada başı dik, qürurlu mübariz və müzəffər xalq olaraq sözümü deyə bilirik. Son 20 ilə nəzər saldıqda biz ölkəmizin necə inkişaf etdiyinin şahidi olarıq”.
Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Prezident İlham Əliyevin fəaliyyətini statistikalara baxdıqda daha yaxşı görə bilərik. 2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan çoxdur. Minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. 2003-cü illə müqayisədə 2024-cü ildə orta aylıq əməkhaqqı 77.4 manatdan 993 manata yüksəlib. Bu siyahını hələ çox uzatmaq olar. Ancaq bir daha bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycan ancaq yüksələn xəttlə inkişaf edib. Bu bir həqiqətdir ki, İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Artıq biz 2024-cü ili də geridə qoyuruq. Bu il keçirilən prezident seçkilərində xalqımız bir daha prezidentinə etimadını nümayiş etdirdi. Zəfər seçkisində Azərbaycan xalqı layiqli namizədini yenidən prezident görmək istədi. Xalqın gözü tərəzidir. Bu bir daha göstərdi ki, Prezidentin gördüyü işləri xalqımız çox yüksək səviyyədə qiymətləndirir və ona inanır. Elə COP 29 timsalında biz bir daha dünyada ölkəmizin nüfuzunu və digər dövlətlər tərəfindən ona edilən hörməti və ehtiramı gördük. Prezident İlham Əliyev sevincini də kədərini də xalqı ilə bölüşməyi bacaran bir liderdir. Biz mütəmadi olaraq görürük. O sevincli günlərində belə həmişə xalqın yanında xalqın içində olur. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur”.
AzNews.az