"O zaman kimin dil-dil ötdüyünü, kimin qanun qarşısında susduğunu görəcəyik" - Deputatdan Kadırova cavab

Çeçenistanın rəhbəri Ramzan Kadırov AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə onu ittiham edən azərbaycanlıları hədələyib:

“Əgər siz məni əsassız olaraq günahlandırır və təhqir edir, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərirsinizsə, o zaman uca Allaha and olsun ki, mənim ailəmin şərəf və ləyaqətini qoruyacaq qanun yoxdur”.

Ramzan Kadırov daha sonra sözlərini belə davam etdirib:

“Hər şeydən istifadə edəcəm. Xalqımın, tayfamın, ailəmin və mənim şərəf və ləyaqətimi ləkələmək istəyənlərə heç vaxt təslim olmayacam. Mən hər şeyi edəcəyəm və sizə layiqli cavab verəcəyimə söz verirəm”.

AzNews.az xəbər verir ki, Kadırovun sözlərini Modern.az-a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, özünü və ətrafını qanunlardan üstün tutan istənilən şəxsin başqalarını təhdid etməsinə cinayət kimi baxır:

"Əvvala qeyd edim ki, Azərbaycan vətəndaşları, bütövlükdə isə azərbaycanlılar tərəfindən Ramzan Kadırovun təhqir edilməsi, həmçinin sözügedən şəxsin ifadə etdiyi kimi, “xalqının, tayfasının, ailəsinin şərəf və ləyaqətini ləkələmək” istəyinin özünü büruzə verməsi faktı ilə qarşılaşmamışam. Əgər onun iddia etdiyi kimi belə hallar olubsa, kimliyindən asılı olmayaraq, nəinki bu və digər insanın, bütövlükdə canlı aləmdə mövcud olan hər şeyin təhqir olunmasına, alçaldılmasına olduqca neqativ münasibət bəsləyən biri kimi, belə hallara olduqca neqativ yanaşdığımı bildirirəm. Həmçinin, eyni zamanda düşünürəm ki, Ramzan Kadırov, ətrafı və faktoloji əsas olmadığı üçün onlarla əlaqələndirmədiyim, ancaq sosial mediada, Azərbaycana qarşı bütün sərhədləri keçən ifadələrə yol verənlər unutmalı deyillər ki, emosional şəkildə dilə gətirilən cümlələrdə yer alan sözlərin “keyfiyyətinə” və sıralanmasına diqqət yetirmək lazımdır. Yenə də kimliyindən asılı olmayaraq, özünü və ətrafını qanunlardan üstün tutan istənilən şəxsin başqalarını təhdid etməsinə və linçlə hədələməsinə qanunların aliliyinin qorunmasını hər şeydən üstün sayan bir insan kimi cinayət kimi yanaşıram və belə halların aradan qaldırılmasını zəruri hesab edirəm".

E.Mirzəbəyli vurğulayıb ki, Ramzan Kadırov Rusiya vətəndaşı olduğunu unutmamalıdır:

"Ramzan Kadırov Rusiya vətəndaşıdır və unutmalı deyil ki, o, Rusiya Federasiyasının 89 federal subyektindən birinin rəhbəri kimi, həm də qanunların aliliyinin qorunmasına görə hüquqi məsuliyyət daşıyır. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330-cu maddəsinə əsasən hüquqi məsuliyyət yaradır. Rusiya Fedeerasiyası Cinayət Məcəlləsində 330-cu maddənin dispozisiyası kəsişən 158 və 159-cu maddələrin tələblərini nəzərə alsaq, vəzifəli şəxslərin bu qəbildən olan davranış və təhdidləri ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Zənnimcə, Ramzan Kadırov, uzun müddətdir ki, Rusiya Federasiyasının subyektlərindən birinə rəhbərlik etdiyi üçün qanunların tələblərindən irəli gələn vəzifələri də yaxşı bilməlidir".

Deputat söyləyib ki, qabaqdangəlmişlik etmək lazım deyil:

"Digər tərəfdən, Ramzan Kadırov çoxsaylı günahsız insanın ölümün səbəb olan Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulmasının ertəsi günü “Çeçenistanın hava məkanınında “dron”ların vurulmasına görə, federasiya subyektinin təhlükəsizlik şurasının katibi və yaxın qohumu Həmzət Kadırovu medalla təltif etməsinin doğurduğu reaksiyanı da təbii qəbul etməli və bu dəhşətli faciənin ertəsi günü belə bir motivli təltifin, bütövlükdə təltifetmə mərasiminin nə üçün gerçəkləşdiyinin sivil, siyasi-hüquqi dillə izahını verməlidir. Qabaqdangəlmişlik etmək lazım deyil. Təyyarənin kimin göstərişi ilə vurulduğunu və icraçıların kimlər olduğunu istintaq müəyyənləşdirəcək. Hadisələri tezləşdirmək istəmirəm. O zaman kimin dil-dil ötdüyünü, kimin qanun qarşısında susduğunu görəcəyik.

Biz Azərbaycan vətəndaşı, azərbaycanlı olmaqla yanaşı, qafqazlıyıq və Qafqazda, tarixin heç bir dönəmində dərəbəylik, özbaşınalıq yaxşı qarşılanmayıb. Əgər baş veribsə də belə cavabını artıqlaması ilə alıb. Azərbaycan Respublikası öz vətəndaşlarının qanuni hüquqlarını müdafiə etmək gücündə və əzmindədir".

AzNews.az