- Siyasi müzakirə
- 30 Dekabr 2024 18:47
- 4 559
"Vurulan təyyarəyə eniş icazəsinin verilməməsi cinayətdir" - DEPUTAT
"Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.
Öncə qeyd etməliyik ki, Azərbaycan Prezidenti Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedərkən yolda təyyarədə qəza barədə məlumat alan kimi dərhal Bakıya geri döndü və Bakı hava limanında operativ müşavirə keçirdi. Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradıldı və hadisəni araşdırmaq üçün dərhal Azərbaycan xüsusi nümayəndə heyəti Aktau şəhərinə ezam edildi. Eyni zamanda, Prezidentin göstərişi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi açdı. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının cəzalandırılması istiqamətinə Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi".
Bu barədə AzNews.az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov açıqlama verib. Millət vəkili bildirib:
"Prezident İlham Əliyev müsahibəsində qəzanın ilkin səbəbi kimi Rusiya tərəfindən ortaya atılan quş dəstəsi ilə toqquşma və ya təyyarədəki qaz balonunun partlaması ilə bağlı versiyaların tamamilə cəfəng və absurt olduğunu və bunun Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını açıq bir şəkildə bəyan etdi. Prezidentin qeyd etdiyi kimi, ortada olan təkzibedilməz fakt ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında yerdən açılan atəş nəticəsində xaricdən ciddi zədə alıb, radioelektron mübarizə vasitələri tərəfindən təyyarəmiz idarəolunmaz vəziyyətə salınıb və idarəetməni demək olar ki, itirib. Fuzelyajın dəlik-deşik olması, təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin qəlpə yaraları alması Azərbaycanın mülki təyyarəsinin Qroznı şəhəri yaxınlığında Rusiya tərəfindən vurulduğunu sübut edən tutarlı faktlardır. Öz günahını etiraf etmək, Azərbaycandan vaxtında üzr istəmək yerinə, ortada olan çoxsaylı təkzibedilməz faktları danmaq və müxtəlif cəfəng versiyalar irəli sürmək ağılsızlıq və vicdansızlıq olmaqla yanaşı, bütün dünya qarşısında özünü hörmətdən salmaq və etibarını itirməkdən başqa bir şey deyildir.
Yerdən açılan atəş nəticəsində vurulan təyyarəyə yaxınlıqda yerləşən Minvod, Mahaçqala və digər hava limanlarına eniş icazəsi verməmək, idarəolunmaz vəziyyətdə olan təyyarəni dənizin üzəri ilə daha uzaq Aktauya istiqamətləndirmək, çox böyük ehtimal ki, təyyarənin Xəzərin o tayına gedib çata bilməyəcəyi və dənizə düşəcəyinə, törədilən cinayətin tamamilə ört-basdır ediləcəyinə hesablanmış daha böyük insanlıq əleyhinə olan cinayət əməlidir.
Rusiyada vurulan təyyarəmiz məhz pilotların və ekipajın peşəkarlığı, göstərdikləri fədakarlıq və qəhrəmanlıq sayəsində Aktauda qəza enişi edə bildi. Nəticədə təyyarədəki 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfərin həyatı xilas edildi, eyni zamanda təyyarənin Rusiyada vurulmasını sübut edən fuzelyajdakı qəlpə izləri kimi təkzibedilməz sübutlar ortaya çıxdı. Sağ qalan ekipaj üzləri və sərnişinlərin ifadələri də təyyarənin vurulduğunu təsdiq edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, qəzaya uğrayan təyyarənin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və stüardessa Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər.
Azərbaycan Prezidentinin iradəsi ilə qəzanın təfərrüatlarını tam şəkildə araşdırmaq üçün beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılıb. Bu işçi qrupda təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri təmsil olunub. “Qara qutu”lar açıldıqdan sonra hadisənin detalları və tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək".
"Bu gün ortada Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması və nəticədə 38 nəfərin faciəli şəkildə həyatını itirməsi faktı var. Prezident İlham Əliyevin Rusiyadan tələbləri tam reallığı əks etdirir və ədalətlidir. Rusiya tərəfi öz günahını etiraf etməli və Azərbaycandan üzr istəməli, günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək. Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsini isə Azərbaycan heç zaman unutmayacaq"- deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
AzNews.az