Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyə xidmət etmir - Deputat

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur: “Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir. Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı. Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası daim ölkəmizə qərəzli mövqe sərgiləyib. Amma Dövlət katibi Blinken özünü “sülh göyərçini” kimi təqdim etmək istəyirdi. Buna baxmayaraq, Dövlət Departamenti dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib. Çünki Ermənistanın tərəfini saxlayan Bayden-Blinken cütlüyü heç vaxt ədalətli sülhün tərəfdarı ola bilməz”.

Fatma Yıldırım qeyd edib ki, artıq bir neçə günə öz postunu tərk edəcək Antoni Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir: “Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Beləliklə, Bayden administrasiyası Amerika xalqı üçün mənfi siyasi miras qoyaraq hakimiyyətdən gedir”.