Tramp Rusiya - Ukrayna müharibəsini bitirə biləcəkmi? -AÇIQLAMA

“ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırması üçün Rusiyaya çağırışı diqqət çəkib. Tramp Rusiya Prezidenti Vladimir Putinin dövlət idarəçiliyini tənqid edib və müharibəni uğursuz şəkildə 3 ilə yaxındır uzatdığını bildirib. O, Putinin sülh razılaşmasından yayınmaqla ölkəni məhv etdiyini, iqtisadiyyatın çöküşdə olduğunu söyləyib. Ağ Ev rəhbəri hətta Kremli sanksiyalarla təhdid edib. Trampın bu çağırışı Moskvaya ultimatum kimi də dəyərləndirilir”.

“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Donald Trampın birinci prezidentliyi dövründə də onun Rusiya ilə dialoq imkanları həmişə mümkün olubdur. Rusiya tərəfi heç vaxt Donald Trampın dialoq imkanlarına geri və əks addım atmayıb. Son dövrlərdə Rusiya rəhbərliyindən Donald Trampla Putinin görüşünün mümkünlüyü ilə bağlı bir sıra açıqlamalar və fikirlər səsləndirilir. O baxımdan da nəzərə almaq lazımdır ki, Donald Trampın Putinlə münasibətlərinin yaxşı olmağı həm də Trampın özü əleyhinə bir kampaniyaya çevrilibdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, Tramp üzərindəki Rusiya ilə şübhəli əlaqələrlə bağlı narazılıqları və spekulyasiyaları sonlandırmaq üçün, özəlliklə hakimiyyətin ilk dövrlərində Rusiyaya qarşı daha kəskin, ifrat bir dilə və ritorikaya malik ola bilər.

“Amma istənilən halda Rusiyanın hələ ki, Ukrayna məsələsində ABŞ-la razılaşmanı rədd etmədiyini görürük. Çünki indiki məqamda Rusiya- Ukrayna müharibəsinin dayanması, həm də Amerika Birləşmiş Ştatlarının maraq dairəsində olan bir məsələdir. Eyni zamanda, Trampın Rusiya- Ukrayna müharibəsində ən azından aktiv fazanın ikinci məcraya keçməsi ilə bağlı cəhdləri həm Ukrayna, həm də Rusiya tərəfindən dəstəklənir deyə düşünürəm. Tramp müharibəni bitirməklə bağlı, yəqin ki, bir neçə variant üzərində fikirləşibdir. İndiki məqamda ola bilsin ki, öz təkliflərinin və fikirlərinin zədələnməməsi üçün Tramp “A” və yaxud da “B” variantlarını publik olaraq açıqlamır. Ancaq, doğrusu, Rusiya- Ukrayna müharibəsində də köklü bir formada, əbədi və konseptual bir sülhün əldə edilmə imkanlarının aşağı olduğunu düşünürəm. Hər halda, sadəcə olaraq döyüş əməliyyatlarını dayandıran bir atəşkəs, yaxud çərçivə sazişi imzalana bilər ki, Tramp buna nail olmağa yaxındır”.

Rəfiqə NAMAZƏLİYEVA