- Siyasi müzakirə
- 24 Yanvar 19:34
- 1 282
"Demarkasiya işləri bitdikdən sonra sülh müqaviləsinin imzalanması həyata keçirilə bilər " - AÇIQLAMA
“Yanvarın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya və demarkasiya komissiyaların on birinci iclası keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib. Həmçinin dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəlinib”.
“Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə ən böyük uğur delimitasiya və demarkasiya komissiyasının fəaliyyətidir. Bu komissiya çox uğurlu şəkildə özünü icra edir. Ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdiyi komissiya bu müddət ərzində qısa müddət ərzində kifayət qədər uğurlu işlərə imza atıb və sərhəd xəttinin müəyyən edilməsi şübhəsiz ki, sülh danışıqlarında əsas məsələlərdən biridir. Hazırda da məhz komissiya öz işini uğurlu şəkildə icra edir. Komissiya həmsədrlərinin görüşündə də, şübhəsiz ki, əsas müzakirə mövzusu bu məsələ oldu. Bu, çox çətin texniki bir prosesdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın işğalı nəticəsində bölgənin relyef quruluşu kobud şəkildə müdaxiləyə məruz qalmış və sərhəd xəttini müəyyənləşdirməli olan həmin məntəqələr istər çaylar, istər digər coğrafi bölgülər dəyişdirilmişdir.
“Yəni, bütün bunlar da bu sərhəd xəttinin müəyyənləşdirilməsinə mane olan amillərdir. İndi bu çox detallı şəkildə iki ölkənin də mütəxəssislərinin iştirakı ilə işlənib hazırlanır və ümumi sərhədin müəyyən edilməsi və prosesin başa çatdırılması Azərbaycan- Ermənistan arasında sülh danışıqları üçün əsas məsələlərdən biridir. Artıq bundan sonra çox rahat şəkildə sülh müqaviləsinin imzalanması prosesi həyata keçirilə bilər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı hazırda ki, məsələ sadəcə olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə müəyyən qədər arxaya çəkilmiş kimi görünür. Çünki Ermənistandan Azərbaycanın konkret tələbləri var. Ermənistan Konstitusiyasında olan həmin o bədnam maddələrin hansı ki, Azərbaycan və Türkiyə əleyhinə yazılmış maddələrdir. Həmin maddələrin Konstitusiyadan çıxarılması, eyni zamanda Avropa İttifaqının müşahidə missiyasının regiondakı fəaliyyətinə son verilməsi və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılmasıdır. Bu kimi məsələlər var və Ermənistan rəhbərliyi bu kimi məsələləri görməzdən gələrsə, əlbəttə ki, sülh danışıqları bir qədər dayanacaq. Konkret olaraq, ən başlıcası, Ermənistan Konstitusiyasında olan həmin maddələr çıxarılmalıdır. Artıq bundan sonra sülh danışıqlarında irəliləyişin şahidi ola bilərik”.
Rəfiqə NAMAZƏLİYEVA