- Siyasi müzakirə
- 18:52
- 1 056
"Ermənistan və onun himayədarlarının əsas hədəfi sülh deyil" - Aytən Qurbanova
““Stratfor” analitik mərkəzinin hesabatında Ermənistan-Azərbaycan sərhədində yaxın 6 ayda gərginlik gözlənildiyi qeyd edilib. Son günlər yerli və xarici mediada tez-tez yaxın perspektivdə iki ölkə arasında gərginliyin baş verəcəyi haqqında xəbərlər dərc olunur”.
“Təhlükənin mənbəyi məhz bu xəbərlər vasitəsilə gərginlik yaratmağa çalışan mərkəzlər və onların himayə etdiyi işğalçı Ermənistandır. İkinci Qarabağ müharibəsindən bugünə qədər davamlı şəkildə süni münaqişə ocağı yaratmağa cəhdləri müşahidə edilir. Şərti sərhəddə təxribatlar, Naxçıvan istiqamətində mütəmadi olaraq atəşkəsin pozulması, Ermənistanın davamlı şəkildə silahlandırılması və bir çox dekonstruktiv addımlar onu deməyə əsas verir ki, “Ermənistan+” qüvvələr heç də sülhə hazır deyil və ya ümumiyyətlə sülh anlayışının mahiyyətindən xəbərsizdirlər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq qeyd edib ki, bu nöqteyi-nəzərdən yanaşdıqda, bölgədə ola biləcək təxribatlarla bağlı ehtimallar uzun müddətdir davamlı şəkildə müzakirə edilir.
“Baxmayaraq ki, sülh danışıqları üzrə ciddi irəliləyişlər əldə olunub, hətta on yeddi bəndin on beşinə dair razılıq ifadə edilib. Amma təbii ki, bu sülh müqaviləsinin imzalanması və bütün gərginliklərə son qoyulması üçün yetərli deyil. Çünki razılaşdırılmamış iki bənd prinsip etibarilə məhz davamlı sülhün hüquqi bazasını formalaşdıracaq müddəalardır. Yəni ərazi iddialarından imtina etməklə bağlı hüquqi öhdəlik götürməyən Ermənistan ilə sülhə nail olmaq nə qədər real ola bilər? Ya da mülki missiya adı altında “kəşfiyyat qrupunu” Ermənistan vasitəsilə regiona yerləşdirən Avropa İttifaqı (kollektiv Qərb) sülh prosesinə töhfə verə bilərmi? Suallar kifayət qədər çoxdur və bu suallara cavab verməkdən yayınan tərəflərlə sülhə nail olmaq təbii ki, real görünmür. Belə olan halda gərginliyin olması ehtimalı qaçınılmaz ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Aİ-nın “mülki missiyasının” mandatının iki il müddətinə uzadılması qərarı məhz belə təxribatların təşkili və koordinasiyasını hədəfləyir və bu fakt özlüyündə gərginliklə bağlı ehtimalların istisna edilməsinə icazə vermir. Hətta süni münaqişə ocağının yaradılması yolu ilə Ermənistanda açıq hərbi kontingentin yerləşdirilməsinə nail olmaq cəhdləri də müşahidə edilə bilər. Bu da onu deməyə əsas verir ki, Ermənistan və onun himayədarlarının əsas hədəfi sülh deyil, yeni süni münaqişə ocağının yaradılması üçün vaxt qazanmaq və hadisələri manipulyasiya etməkdir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az