- Siyasi müzakirə
- 18:11
- 921
"Vaşinqton və Moskva Ukrayna mövzusunda kompromis əldə edə bilər" - AÇIQLAMA
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb. O, rəsmi Kiyevlə silah tədarükü müqabilində nadir torpaq metalları və digər strateji resursların alınmasına dair müqavilə bağlamaqda maraqlı olduğunu bildirib. Tramp vurğulayıb ki, Ukrayna “çox qiymətli nadir torpaq metalları”na malikdir və ABŞ bu sahədəki investisiyalarına müəyyən dərəcədə “zəmanət” verilməsini istəyir. Bəzi iddialara görə, Ukraynada müharibənin başlamasının əsas səbəblərindən biri ölkənin torpaqlarında yerləşən strateji əhəmiyyətli faydalı qazıntılar olub. Coğrafi mövqeyinə görə Ukrayna həm Rusiyanın əsas hədəfi, həm də ABŞ-ın geosiyasi planlarının tərkib hissəsinə çevrilib. Bununla yanaşı, bəzi mənbələr Ukrayna ərazisində mühüm strateji resursların, o cümlədən nadir metalların mövcudluğunu xüsusi vurğulayır”.
“Həm Birləşmiş Ştatlar, həm də Rusiya Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqton və Moskva arasında aparılan danışıqlarda irəliləyiş olduğunu bildirir. Bu isə onu göstərir ki, hər iki ölkə gizli müzakirələr aparır. Son vaxtlar Birləşmiş Ştatlarda baş verən proseslər də göstərir ki, Rusiya ilə münasibətlərin normallaşdırılması hazırkı dövrdə Vaşinqton üçün prioritet təşkil edir. Bununla yanaşı, ABŞ-ın münaqişənin davam etməsi və eyni zamanda Rusiyanı kompromisə məcbur etməsi üçün əlində müxtəlif rıçaqlar var. Çox güman ki, bunların əsasını enerji sahəsində atılacaq addımlar təşkil edəcək. ABŞ-ın yeni hökuməti, konkret desək, Donald Tramp inaqurasiya mərasimində ölkənin neft istehsalını artıracağını və daxili bazarda enerji daşıyıcılarının qiymətlərini aşağı salacağını bəyan edib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ daxilində iqtisadi problemlərin həllini hədəfləsə də, digər tərəfdən, beynəlxalq səviyyədə Rusiyaya qarşı təzyiqləri gücləndirməyə yönəlib.
“Tramp hesab edir ki, neft qiymətləri kəskin şəkildə aşağı düşərsə, Rusiya güzəştə getməyə məcbur olacaq. Yəni iqtisadi cəhətdən zəifləyən Rusiya Vaşinqton üçün daha əlverişli danışıqlar tərəfdaşı ola bilər. Buna görə də Trampın Səudiyyə Ərəbistanını da neft hasilatını artırmağa məcbur edəcəyi gözlənilir ki, bu da dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Bu il ərzində bu prosesin baş verdiyini müşahidə edə bilərik. Bu isə onu göstərir ki, Rusiya münaqişənin uzun müddət davam etməsində maraqlı olmayacaq və nəticədə ABŞ və Rusiya arasında Ukrayna mövzusunda sülh danışıqları başlaya bilər. Bununla belə, Rusiya Zelenski hakimiyyətdə olduğu müddətdə Ukrayna ilə bağlı konstruktiv addımlar atmaqdan çəkinəcək. Həm ABŞ, həm də Rusiya Zelenskinin hakimiyyətdən getməsində maraqlıdır və bu prosesin məhz bu il baş tuta biləcəyi ehtimal edilir. Bu tendensiyalar onu göstərir ki, Vaşinqton və Moskva arasında Ukrayna mövzusunda danışıqlarda müsbət dəyişikliklər müşahidə oluna bilər. Ukrayna strateji əhəmiyyətə malik ölkədir və aqrar, sənaye və digər sahələrdə mühüm resurslara sahibdir. Buna görə də həm Rusiya, həm də Qərb, xüsusilə ABŞ, Ukrayna ilə əməkdaşlıq etməkdə maraqlıdır. Lakin bu əməkdaşlıq, çox güman ki, Zelenski hökumətinin gedişindən sonra mümkün olacaq. Bu baxımdan, ABŞ və Rusiya arasında Ukrayna məsələsində danışıqların başlanması qaçılmaz görünür. Təəssüf ki, bu proses Ukraynanın güzəştə getməyə məcbur edilməsi ilə nəticələnə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az