"Paşinyan düşmüş nüfuzunu bərpa etməyə çalışır" - Siyasi ekspert

“Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi son dövrlərdə ciddi müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyanın açıqlamaları partiya daxilində gərginliyi daha da artırıb. Onun sözlərinə görə, partiya hər hansı fövqəladə vəziyyətə hazır olmalı və istənilən an hakimiyyəti qorumağa çalışmalıdır. Bununla belə, partiya üzvləri arasında narahatlıq getdikcə artır və yaranmış vəziyyətin necə nəticələnəcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür”.

“Ermənistanda həm Nikol Paşinyanın, həm də hakim komandanın reytinqinin hər keçən gün aşağı düşməsi fonunda hakim partiyanın narahatlığı başa düşüləndir. Həm Paşinyan, həm də komandası yaxşı dərk edir ki, hazırkı reytinq nə 2018-ci ildə hakimiyyətə gəldikləri vaxtkı göstəricilərlə, nə də 2021-ci il təkrar seçkiləri dövründəki reytinqlə üst-üstə düşür. 2018-ci ildə Paşinyanın yüksək reytinq qazanmasının əsas səbəbi həmin dövrdə korrupsiya və rüşvət bataqlığında olan hakim komandanın nüfuzunun tamamilə sarsılması idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Rəşad Bayramov deyib.

Siyasi ekspert qeyd edib ki, insanlar yeni bir ümid axtarırdılar və nəticədə, beynəlxalq güclərin dəstəyi ilə də olsa, Paşinyanın hakimiyyətə gəlməsinə yol açıldı.

“2021-ci il seçkiləri isə müharibədən dərhal sonrakı dövrə təsadüf edirdi. Həmin vaxt Ermənistan ictimaiyyəti hakimiyyətə qayıdacaq qüvvələrin revanşist hisslərlə yenidən müharibəyə başlaya biləcəyindən qorxurdu. Bu səbəbdən də yenidən Paşinyanın partiyasına səs verdilər. Lakin hazırkı vəziyyət fərqlidir. Aparılan bütün sorğular göstərir ki, hakim komandanın reytinqi aşağı düşüb. Bu səbəbdən Paşinyanın istənilən situasiyaya hazırlıqlı olmaqla bağlı verdiyi tapşırıqlar da məntiqlidir. Bununla belə, onun növbədənkənar seçkilərə getmək ehtimalı inandırıcı görünmür. Çünki bunun üçün güclü müxalifət olmalı və hakim komandanı buna məcbur etməyi bacarmalıdır. Hazırda Paşinyanın reytinqi nə qədər aşağı olsa da, hələ də müxalifətin reytinqindən yüksəkdir. Konstitusiya dəyişikliyi məsələsinin 2027-ci ildə həllini tapacağı ilə bağlı açıqlamalar da onu göstərir ki, Paşinyan 2026-cı il seçkilərini gözləyir. O, seçkilərdə qələbə qazandıqdan və hakimiyyətdə möhkəmləndikdən sonra konstitusiya dəyişikliklərinə getməyi planlaşdırır. Bu baxımdan, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı yalnız Paşinyanı hakimiyyətə gətirən güclərin – Qərbin təzyiqi nəticəsində mümkün ola bilər. Lakin hazırda Qərbin Ermənistanda Paşinyanı əvəzləyə biləcək yeni namizədi olmadığı üçün bu istiqamətdə ona hər hansı ciddi təzyiq göstəriləcəyi gözlənilmir. Buna görə də Paşinyan komandasını maksimum səfərbər etməyə və 2026-cı il seçkilərinə qədər aşağı düşmüş nüfuzunu bərpa etməyə çalışır. O, 2026-cı il seçkilərində qələbə qazandıqdan və hakimiyyətdə möhkəmləndikdən sonra nəzərdə tutulan siyasi addımları atmağı planlaşdırır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az