"Paşinyanın bu bəyanatı ritorikadan başqa bir şey deyil" - Siyasi şərhçi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları yenidən diqqət çəkib. Belə ki, o, çıxışı zamanı Ermənistan və Türkiyə arasında aktiv dialoqun aparıldığını bildirib".

"Türkiyə ilə dialoqu davam etdirəcəyik və davam etdiririk. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar. Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz davamlı təmasdayıq. Tezliklə nəticə əldə olunacaq”- Paşinyan vurğulayıb”.

“Paşinyan Ermənistanın Türkiyə ilə indiyədək heç vaxt olmadığı qədər aktiv dialoq içərisində olduğunu bəyan etdi. Bu, belədir ki, var. Azərbaycan da Ermənistanla heç olmadığı qədər aktiv dialoq içərisindədir. Danışıqlar, rəsmilərin, o cümlədən dövlət rəhbərlərinin ikitərəfli və çoxtərəfli formatda görüşləri, delimitasiya komissiyasının işi davam edir. Qazaxın 4 kəndinin qaytarılması da bu cür dialoq nəticəsində baş verdi. Lakin xatırlayaq ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, Laçın yoluna nəzarət, qondarma rejimin birdəfəlik ləğv olunması kimi tarixi proseslər dialoq deyil, cənab Prezident İlham Əliyevin dediyi kimi, monoloq nəticəsində əldə olunmuşdu. Yəni, hazırki reallıq Ermənistana silah və hərbi güc yoluyla diqtə olunub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Siyasi şərhçi qeyd edib ki, məhz bu reallıqlar fonunda Paşinyan indi ölkəsinin dialoqa açıq olduğunu bəyan edir, lakin yenə də şərti olaraq irəli sürülən tələbləri yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələr ortaya atır və sülhü faktiki olaraq gecikdirir.

“Odur ki, Azərbaycan tərəfindən irəli sürülən şərtlər qəbul edilməzsə, sülh əldə olunması qeyri-real görünür. Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması isə birbaşa olaraq sülh amili ilə bağlıdır. 2009-cu il Türkiyə-Ermənistan normallaşma prosesinin ilkin mərhələsi olaraq xatırlana bilər. Zürixdə protokollar imzalanmışdı, lakin nəticəsi olmadı. Çünki Türkiyə hər zaman Ermənistanla normallaşma şərti olaraq Azərbaycanın haqq işini ön plana qoyub. İndiki halda da sülhün əldə olunması normallaşmanın təməl şərtidir. Odur ki, Paşinyanın Türkiyə ilə normallaşma prosesində tezliklə nəticə əldə olunacağını bəyan etməsi ritorikadan başqa birşey deyil. Sərhədlər sülh olmadan açılmayacaq. Üçüncü ölkə vətəndaşları üçün, diplomatik pasportu olan şəxslər üçün istisna keçidi, qəbuledilməzdir. Ermənistan hazırda Azərbaycanın sülh üçün iki əsas şərtindən biri - ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı öz şərtini irəli sürür (təhlükəsizlik təminatı istəyir), digər məsələ - Konstitusiyasını dəyişdirməklə bağlı tələbimizi isə qəbul etmir. Azərbaycanla razılaşdırılmayan Avro-missiyanı sərhəddən çıxarmaqla bağlı tələbimizə dair yenə öz şərtini ortaya atır (delimitasiya olunmuş sərhəddən çıxarılma ilə bağlı təklif irəli sürür), həmçinin beynəlxalq instansiyalarda qarşılıqlı iddiaları ləğv etməyi təklif edir. Halbuki, müharibə cinayətlərinə və 30 illik işğal müddətində təbii sərvətlərimizin qanunsuz istismarına, qaçqın və məcburi köçkünlərə vurduğu maddi-mənəvi ziyanlara görə məsuliyyət üstlənməlidir. Ən əsas məsələ, Zəngəzur dəhlizinin açılmasına da öz mövqeyi ilə əngəl törədir. Bütün bunlarla bağlı razılıq əldə olunmadığına görə sülhün tezliklə əldə olunması mümkünsüz görünür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az