- Siyasi müzakirə
- 00:04
- 1 871
Qəzzanın boşaldılması nə qədər realdır?- ƏHD funksionerinin cavabı
![](https://www.aznews.az/storage/2025/02/13/eli_z.jpg)
“İsrailin HƏMAS-ın guya atəşkəsi pozması ilə bağlı açıqlaması əslində bir bəhanədir. Bu, İsrailin atəşkəsin uzun müddət davam etməsində maraqlı olmadığını və Qəzza ilə bağlı yeni addımlar atmağa hazırlaşdığını göstərir. Burada diqqətçəkən məqamlardan biri də bu prosesin Netanyahu-Tramp görüşündən sonraya təsadüf etməsidir. Böyük ehtimalla, Netanyahu Trampdan müəyyən bir razılıq alıb və bu razılığın nəticəsi olaraq Qəzzada fələstinlilərin məcburi köçürülməsi ilə bağlı yeni təhdidlər yaranacaq. Beləliklə, Trampın təklifinin reallaşdırılması üçün praktik mexanizmlərin hazırlanması istiqamətində addımlar atıla bilər və İsrailin hərbi əməliyyatları davam etdirmək ehtimalı getdikcə artır. Lakin yaxın qonşu ölkələr – xüsusilə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər – bu plana qarşı sərt etirazlarını bildiriblər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Qeyd edək ki, Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına cavab olaraq İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq” vəziyyətinə keçməyi əmr edib. Bu addım, bölgədə hərbi əməliyyatların yenidən alovlanması ehtimalını artırır.
Bununla bağlı siyasi şərhçi qeyd edib ki, Trampın səsləndirdiyi fikrin gerçəkləşməsi üçün praktik mexanizmlər mövcud deyil.
“Çünki söhbət 1,8 milyon insanın zorla öz yurd-yuvasından çıxarılmasından gedir və artıq bu insanları qorxutmaq və ya təzyiqlərlə köçməyə məcbur etmək mümkün deyil. Demək olar ki, hər bir Qəzza ailəsi itki verib və bu da onların mübarizəni davam etdirməsinə səbəb olur. Bu reallıq fonunda fələstinlilərin güc yolu ilə köçürülməsi qeyri-mümkün görünür. Digər tərəfdən, Misir öz təhlükəsizliyini təhdid altında görərək Qəzzadan gələn qaçqınları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. İordaniya isə Fələstinlə bağlı tarixi ziddiyyətlər səbəbilə qaçqınları qəbul etməyəcəyini qəti şəkildə bildirib. Eyni mövqeni Səudiyyə Ərəbistanı və Qətər də paylaşır”.
Onun fikrincə, bu məsələdə Türkiyə daha prinsipial mövqe sərgiləyir:
"Ankara ən yüksək səviyyədə bəyan edib ki, istər Qəzza, istərsə də Suriyanın ərazi bütövlüyü Türkiyə üçün qırmızı xəttdir. Bu kontekstdə Türkiyə ilə Suriya arasında hərbi sazişin imzalanması ehtimalı yüksəkdir. Əgər belə bir saziş baş tutarsa, Türkiyə rəsmi olaraq Suriyanın ərazi bütövlüyünün qarantına çevriləcək. Bu isə Türkiyə və İsrailin birbaşa qarşı-qarşıya gəlməsi ehtimalını artırır. İsrail üçün Türkiyə ilə açıq qarşıdurmaya girmək arzuolunan bir ssenari deyil və bu, onun siyasətini çətinləşdirən amillərdən biri olacaq. Trampın bu məsələdə oynadığı rola gəldikdə isə, onun Qəzzanın boşaldılması planını tam ciddiyə aldığını düşünmək çətindir. Trampın əsas məqsədi ABŞ-dakı sionist lobbinin dəstəyini qazanmaqdır. Hazırda ABŞ-da daxili siyasi vəziyyət kifayət qədər gərgindir və Tramp böyük təzyiqlərlə üzləşir. O, sionist lobbinin dəstəyini almaqla öz siyasi mövqeyini gücləndirmək niyyətində ola bilər”.
Siyasi şərhçi vurğulayıb ki, ancaq bu planın həyata keçirilməsi üçün İsrailin təkbaşına addım atması mümkün deyil:
“Bunun üçün ABŞ-ın birbaşa hərbi müdaxiləsi lazımdır ki, bu da Trampın maraqlarına uyğun deyil. Çünki Trampın əsas seçki vədlərindən biri ABŞ iqtisadiyyatını gücləndirməkdir və yeni müharibələrə başlamaq bu vədlərə ziddir. Tramp üçün əsas prioritet neft hasilatını artırmaq, enerji daşıyıcılarının qiymətini aşağı salmaq və daxili iqtisadi artımı təmin etməkdir. Əgər ABŞ yenidən müharibələrə sürüklənsə, bu, həm Tramp hökuməti, həm də ölkə üçün ciddi fəlakətlərə yol aça bilər. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsi onun siyasi mövqeyini zəiflədir. İsrail daxilində də Netanyahunun siyasətinə ciddi etirazlar var, xüsusilə liberal kəsim və müxalifət tərəfindən. Əgər bölgədə gərginlik davam edərsə, bu, İsrail üçün ciddi problemlər yaradacaq və Netanyahu daha çox təzyiq altında qalacaq. Beləliklə, İsrailin bundan sonrakı addımlarının nə dərəcədə uğurlu olacağını söyləmək çətindir. Çünki həm beynəlxalq təzyiqlər, həm də bölgə dövlətlərinin sərt mövqeyi bu planın reallaşmasını çətinləşdirən əsas faktorlardır”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az