"Ermənistandakı radikalların fəallaşması təhlükəli məqamdır" - Deputat

“Son günlər sərhədlərin delimitasiya və demarkasiya komissiyalarının yenidən görüş keçirməsi və bu prosesin davam etdirilməsi ilə bağlı ortaq iradə nümayiş etdirmələri müsbət qiymətləndirilməlidir. Lakin məlumdur ki, bu, uzun illər, hətta onilliklər davam edə biləcək bir prosesdir. Ümumi kontekstdə sülhün əldə olunmasına müsbət təsir göstərsə də, sülh sazişinin bağlanması üçün ön şərt hesab oluna bilməz. Nəticə etibarilə, biz uzunmüddətli bir prosesdən bəhs edirik. Buna baxmayaraq, atılan addımın özü yüksək qiymətləndirilməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasımda Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, bu məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır.

Qeyd edək ki, fevralın 14-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında videoformat çərçivəsində keçirilən danışıqlar ictimaiyyətdə diqqət çəkib. Danışıqlar zamanı iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi razılaşdırılıb. Budəfəki prosesin Gürcüstandan İrana qədər aparılmasına qərar verilməsi isə Zəngəzur dəhlizinin açılacağına dair müzakirələri gücləndirib.

“Son dövrlərdə Ermənistanı müharibəyə itələmək istəyən və onu buna həvəsləndirən qüvvələr öz mövqelərində daha da israrlıdırlar. Bu, indiyə qədər müşahidə olunan proseslərdən biridir. Lakin yeni bir şərt formalaşmaqdadır ki, bu, müharibəni qaçılmaz edə bilər. Bu şərt nədən ibarətdir? Rusiya və Ukrayna arasındakı müharibənin sona çatması və Rusiyanın diqqətini Cənubi Qafqaza yönəltməsi fonunda Ermənistandakı radikalların fəallaşması təhlükəli məqam yaradır. Əgər bu tendensiya davam edərsə və Rusiya Ermənistandakı radikallara dəstək verərsə, o zaman müharibə qaçılmaz ola bilər. Fevralın 17-də hərbi cinayətkar və terrorçu separatçı Robert Köçəryanın keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar da bu ehtimalı gücləndirir. Köçəryan bildirib ki, Qarabağ ermənilərinin geri qayıtması üçün hazırda yeganə istinad sənədi üçtərəfli bəyanatdır və bu bəyanata əsaslanaraq onların Qarabağa qaytarılması mümkündür. Bu bəyanat əslində Rusiyanın regionda yenidən aktivləşməsi və Ermənistana təsir etmək üçün yeni problemlər yaratması kimi dəyərləndirilə bilər. Həmçinin, Ermənistandakı radikalların hakimiyyətə gətirilməsi müharibəni qaçılmaz edə bilər. Lakin bu, hələlik ehtimaldır. Heç şübhəsiz ki, pozitiv ssenari də mümkündür. Son günlər bəzi erməni rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən ümidlər yaradır. Ümid edək ki, Ermənistan tərəfi doğru yolu seçəcək”.

Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az