- Siyasi müzakirə
- 6 Mart 22:46
- 1 253
Qərbi Azərbaycan Xronikası: Ermənistan Azərbaycanın əsas tələbini daha tez icra edəcək

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Report” xəbər verir ki, “Ermənistan Azərbaycanın əsas tələbini daha tez icra edəcək” adlı süjetdə Ermənistan Konstitusiyasının yeni mətninin 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər hazırlanacağından bəhs olunur.
Bildirilir ki, öncə baş nazir Nikol Paşinyan Konstitusiyanın yeni mətninin 2026-cı ilin dekabr ayına qədər hazırlanması, 2027-ci ildə isə baxılması tapşırığını vermişdi. İndi vaxt önə çəkilir. Baş nazir Konstitusiyaya əsaslanan “erməni iddialarını” sıradan çıxarmaq və “real Ermənistan" qurmaq istəyir.
Qeyd olunur ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsi tələbi Azərbaycanın gündəliyinə daxildir: “Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə də qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bəyan edib ki, bütün iddialar Konstitusiyadan çıxarılmadan sülhdən danışmaq mümkün deyil. Təbii ki, Ermənistan Konstitusiyası dəyişdirilsə, bu, Azərbaycanla sülhün əldə olunmasında konstruktiv yanaşma kimi sazişin imzalanmasını təşviq edə bilər”.
Bu məsələ Ermənistan mətbuatında və ictimaiyyətində ciddi müzakirələr yaradıb. “Hraparak” nəşri yazır ki, Paşinyanın “real Ermənistan” planı praktiki mərhələyə keçib: “Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadən dəyişdirilməsi məqsədilə referendumun keçirilməsini təklif edib və bu, hakim partiyanın qapalı görüşündə müzakirə olunub”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.