- Siyasi müzakirə
- 26 Aprel 18:15
- 2 535
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında tarixi xidmətlərindən biridir

Azərbaycan dili xalqımızın milli-mənəvi varlığının, kimliyimizin və tarixi yaddaşımızın əsas sütunlarından biridir. Bu dil əsrlər boyu xalqımızın düşüncə və ifadə tərzini formalaşdırmış, mədəniyyətimizin, ədəbiyyatımızın, ənənələrimizin daşıyıcısı olub.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması isə xalqımızın tarixində mühüm dönüş nöqtəsidir: “Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamaq lazımdır. Məhz onun təşəbbüsü və siyasi qətiyyəti sayəsində 27 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edilmişdi. Bu addım o dövrün reallıqları fonunda çox böyük cəsarət tələb edən, milli mənsubiyyətimizin qorunmasına və dilimizin gələcəkdə inkişaf etdirilməsinə zəmin yaradan tarixi bir qərar idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir”.
Deputat bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin ana dilimizə olan diqqəti daha da dərinləşdi: “Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, təkcə hüquqi baxımdan deyil, həm də milli mənlik şüurunun formalaşması və güclənməsi baxımından da mühüm hadisə idi. Ümummilli Liderin təşəbbüsü ilə sonrakı illərdə də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atıldı. Onun təşəbbüsü və siyasi iradəsi ilə 2001-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olundu. Bu qanun Azərbaycan dilinin qorunması və istifadəsinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Qanunda dövlət dilinin tətbiqi, onun öyrədilməsi və inkişaf etdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edildi”.
Parlamentari söyləyib ki, Ulu Öndər Heydər Əliyev ana dilinin inkişafına yönəlik addımlarla yanaşı, onun tarixi keçmişinə də xüsusi önəm verirdi: “O, dilin yalnız ünsiyyət vasitəsi deyil, bir millətin milli kimliyinin ən mühüm dayağı olduğunu dəfələrlə vurğulayırdı. Ümummilli Lider hesab edirdi ki, ana dilini bilməyən insan öz tarixini də dərindən bilə bilməz. Onun saysız çıxışlarında Azərbaycan dilinin zənginliyi, ifadə imkanları, poetik gücü və milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu xüsusi vurğulanırdı. Heydər Əliyev gənclərə tövsiyə edirdi ki, neçə dil bilsələr də, ilk növbədə öz ana dillərinə mükəmməl yiyələnməli, onu sevməli və qorumağa borcludurlar”.
S.Salmanova qeyd edib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənib, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və atılmadadır”.
AzNews.az