- Siyasi müzakirə
- 19:28
- 1 807
Hindistan və Pakistan arasındakı konfliktin Azərbaycan üzərindəki təsirləri - AÇIQLAMA

“Baxmayaraq ki, Azərbaycan Hindistan və Pakistan arasındakı gərginlikdə tərəf deyil, bu vəziyyətin həm Cənubi Qafqaza, həm də Azərbaycanın regional maraqlarına birbaşa və ya dolayı təsirləri istisna edilmir. İlk növbədə qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır. İkitərəfli münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və Ermənistanla diplomatik əlaqələr qurmayıb. Əksinə, Hindistan son illərdə Ermənistanla hərbi əməkdaşlığını sürətlə inkişaf etdirib və bu, regional təhlükəsizlik üçün ciddi təhdidlərə səbəb olub”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, son günlər Hindistan və Pakistan arasında artan gərginlik beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu vəziyyət fonunda Azərbaycanın mövqeyinin necə olmalı olduğu da müzakirə predmetinə çevrilib.
Siyasi şərhçi bildirib ki, iki dövlət arasında gərginliyin artması Hindistanın Cənubi Qafqaz siyasətində daha ciddi ziddiyyətlərin yaranmasına səbəb ola bilər.
“Bu isə heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil. Digər tərəfdən, Hindistan Orta Dəhlizi özünün də iştirak etdiyi Şimal–Cənub (xüsusilə Cənub istiqaməti) nəqliyyat dəhlizinə təhdid kimi görür və bu layihənin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Ümumilikdə, nüvə silahına sahib olan iki dövlət arasında hərbi qarşıdurmanın regional və qlobal təhlükəsizliyə təsirləri kifayət qədər yüksək ola bilər. Bununla belə, tərəflərin məhdud hərbi cavab tədbirləri ilə kifayətlənəcəyi, genişmiqyaslı müharibədən yayınmağa çalışacaqları ehtimal olunur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az