- Siyasi müzakirə
- 29 Aprel 20:32
- 2 846
"Milli Maraqlar Mərkəzində: Bakıdan Pekinə Uzanan Diplomatik Kurs" - Hikmət Babaoğlunun açıqlamasında

“Azərbaycanın xarici siyasət strategiyası milli maraqlar üzərində formalaşır və bu maraqların təmin olunması dövlətin regional və qlobal səviyyədə fəaliyyət istiqamətini müəyyənləşdirir. Azərbaycanın diplomatik fəallığı konkret coğrafiyaya deyil, məhz milli maraqların harada daha effektiv şəkildə təmin edilə biləcəyinə əsaslanır. Bu yanaşma, ölkənin həm beynəlxalq təşkilatlarla, həm də milli dövlətlərlə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətində açıq şəkildə özünü göstərir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Azərbaycanın beynəlxalq diplomatiyasının yeni mərhələsi, qlobal güc mərkəzləri ilə münasibətləri dərinləşdirərək strateji tərəfdaşlığı inkişaf etdirməyi hədəfləyir. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri və Astanada imzalanan birgə bəyannamə bu istiqamətdə mühüm addımlar atılıb. Bu, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə əlaqələrini gücləndirmək və beynəlxalq mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. ŞƏT-də Azərbaycanın statusunun yüksəldilməsi və BRİKS-dəki fəallığı, ölkəmizin bu təşkilatlarda daha aktiv rol oynamağa hazır olduğunu göstərir.
Deputat bildirib ki, hazırkı qlobal düzən sürətli transformasiya mərhələsindən keçir.
“Qərbdə formalaşmış ənənəvi güc mərkəzləri tədricən öz mövqelərini Şərqə, xüsusilə də Uzaq Şərqə verməyə başlayır. Bu da yeni qlobal reallıqların meydana çıxmasına səbəb olur. Bu reallıqlar fonunda BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi platformalar önə çıxır və iqtisadi, maliyyə, siyasi və humanitar sahələrdə təsir dairələrini genişləndirirlər. Bu təşkilatlar təkcə praktiki əməkdaşlıq müstəvisi deyil, eyni zamanda alternativ siyasi ideya və yanaşmaların formalaşdığı mərkəzlərdir. Azərbaycan da bu dəyişən qlobal konfiqurasiyada öz yerini gücləndirməyə çalışır. Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri məhz bu istiqamətdə mühüm addım kimi qiymətləndirilə bilər. Çin – ŞƏT-in əsas təşəbbüskarı və aparıcı iştirakçısı kimi – Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir tərəfdaşdır. Bu səfər iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın təşkilatla əməkdaşlığını dərinləşdirmək niyyətinin də göstəricisidir”.
Deputat əlavə edib ki, ŞƏT-in Avrasiya məkanını əhatə edən geniş coğrafiyası və çoxşaxəli strukturu bu platformanı Azərbaycan üçün cəlbedici edir:
“Təşkilatın formatı regional təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji əməkdaşlığı və nəqliyyat dəhlizləri baxımından Azərbaycan üçün mühüm imkanlar yaradır. Bu baxımdan, Azərbaycanın təşkilatla münasibətlərini dərinləşdirmək səyləri həm iqtisadi dividentlər, həm də geosiyasi mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan müasir dünya nizamında dəyişən güc balansını diqqətlə analiz edir və bu reallıqlara uyğun şəkildə öz xarici siyasətini formalaşdırır. Bu siyasətin əsas hədəfi isə milli maraqların qlobal və regional müstəvidə maksimum şəkildə təmin olunmasıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az