Türkiyənin sabiq millət vəkili Sinan Oğanın AzNews.az-a müsahibəsi Türkiyənin sabiq millət vəkili Sinan Oğanın AzNews.az-a müsahibəsi
  • Hadisə
  • 23 Noyabr 2018 13:21
  •  16 795

“Bu, bir nəfəri öldürmək layihəsi deyildi“ - Sinan Oğan redaksiyamızda

Türkiyənin sabiq millət vəkili Sinan Oğanın AzNews.az-a müsahibəsi

Sinan Oğan bütün türk dünyasında rəğbətlə qarşılanan bir isimdir. Türkiyənin iddialı siyasətçilərindən biri, milliyətçi cameənin əsas fiqurlarındandır. Bu günlərdə Azərbaycana gələn Sinan Oğanı AzNews.az xəbər portalının redaksiyasına dəvət etdik. Açıqlamaları zaman-zaman Azərbaycan mediasında təhrif edildiyindən müsahibəyə bir az çətin razı oldu. Ancaq bir staretijst olaraq “Yaxın plan” layihəsində iştirak etməyə sonda razı oldu...

- Sinan bəy, ilk sualımız Türkiyədə baş tutan sui-qəsd haqqındadır. Çünki bu gün dünyada ən çox danışılan mövzulardan biridir. Sizcə, Qaşıqçı hadisəsi nədən baş verdi? Niyə bu qətl məhz Türkiyədə baş verdi? Məgər Səudiyyə Ərəbistanı Qaşıqçını başqa bir yerdə öldürə bilməzdi?

- Qaşıqçı hadisəsi mənə görə Səudiyyə Ərəbistanının böyük qəddarlığı və səriştəsizliyidir. Əlbəttə hər hansı professional qatilə- killerə bir insanı rahatlıqla hər yerdə öldürdə bilərdilər, amma niyəsə qətl üçün Türkiyəni və diplomatik korpusu seçdilər. Mən bunun “yol qəzası” olduğunu düşünürəm. Mənə görə bu, daha böyük, iri layihə idi. Çünki mərhum jurnalistə oxşayan birini gətiriblər, onun paltarlarını geyindirib şəhərə aparıblar. Amma ayaq ölçüsünü götürməyi unudublar. Məncə, Türkiyəni çətin vəziyyətdə qoya biləcək bir layihə hazırmışdılar, amma qumbara əllərində partladı. Türkiyə Qaşıqçı qətlinin baş verdiyi zamana aid səs yazılarını əldə etdi. Bu səs yazıları tamam başqa qaynaqları araşdırarkən üzə çıxdı. Bu da Türkiyə kəşfiyyatının uğurudur. Çox böyük dövlətlərin kəşfiyyatlarının edə bilmədiyini Türkiyə kəşfiyyatı etdi. Bir daha deyirəm, bu sadəcə bir nəfəri öldürmək layihəsi deyildi. Daha böyük planlar var idi, amma məqsədlərinə nail ola bilmədilər.

- “Daha böyük planlar” dedikdə, nəyi nəzərdə tutursunuz?

- Səudiyyə Ərəbistanının, İsrailin, Amerikanın bölgədəki ən böyük hədəfi, İsrailin təhlükəsizliyini təmin etmək və bunun üçün bölgədəki ölkələri bir-birilə qarşı-qarşıya qoymaq, əlaqələrini pozmaqdır. Bunu ya Türkiyənin, ya İranın, ya da digər bölgə ölkələrinin üstünə atacaqdılar. Amma, dediyim kimi, qumbara əllərində partladı. Çox qəddar və hər kəs tərəfindən qınanmalı hadisədir.

- Sizə elə gəlmirmi ki, hadisə açıqlığa qovuşandan sonra Səudiyyə Ərəbistanının iqtidar məsələsində iplər Türkiyənin əlinə keçib?

- Bəli, Türkiyə bu mövzuda avantaj əldə etdi. Çünki vəliəhd Şahzadə Muhammed ibn Salman, çox güclü gəlirdi. O, Amerikanın və İsrailin yaxın adamı olaraq meydana güclü oyunçu kimi çıxırdı. Amma belə bir “yol qəzası” ilə bütün avantajlarını itirdi və Türkiyəyə çox böyük rıçaq verdi. Bu da yəqin ki, Allahın bir hikmətidir.

- Allahın hikmətimi, ABŞ-ın hikmətimi?

- ABŞ bunun belə olmağını, rıçaqların Türkiyədə olmasını istəməzdi. Çünki ABŞ, Muhammed ibn Salmana çox böyük vəsait qoyub. Bununla yanaşı İsrailin bölgədəki təhlükəsizliyini təmin etməyə çalışır. Amma siz böyük ölkəsiniz, pulunuz çoxdur deyə, hər zaman, hər şey istəklərinizə uyğun olacaq demək deyil. Bəzən filin ayağına tikan batır və o böyüklükdə fili xırdaca tikan narahat edir. Burada da belə oldu. Çanaq öz başlarında çatladı, kələf öz ayaqlarına dolandı. Muhammed ibn Salman, Səudiyyə Ərəbistanının gələcəyində böyük rol oynaya bilərdi. Amma bu məsələ onun krallıq yolunda ən böyük imtahanıdır. Amerikada da Trampın vəziyyəti yaxşı deyil, gələcək seçkilərə itki ilə gedir. Bu məsələ artıq dünya ictimaiyyətinin əsasə məsələsi olub. Əgər Türkiyə bu cinayətlə əlaqəli kifayət qədər sübut yığa bilməsəydi, bəlkə də bunu Türkiyənin üstünə atıb başqa bir oyun oynayacaqdılar. Amma Türkiyə bu oyunu pozdu.

- Bəs, hazırda ABŞ Türkiyədən nə istəyir?

- ABŞ bu dəqiqə Türkiyədən çox şey istəyir. Birincisi, ABŞ-ın Türkiyədəki bütün maraqlarına təslim olmamızı istəyir. İkincisi, İsrailin bölgədəki təhlükəsizliyini təmin etmək istəyir. Üçüncüsü, Amerika və İsrailin ən vacib rəqibi, Rusiya və İrandır, onlarla əlaqələrini kəsməyini istəyir. Dördüncüsü, Rusiya ilə silah alışı müqaviləsini dayandırmağını istəyir. Beşincisi, bölgədə kürd dövləti qurulmasını istəyir. Altıncısı, Türkiyənin Rusiyadan, Çindən, İrandan uzaqlaşıb Amerika və İsraillə birgə hərəkət etməyini istəyir. Yeddincisi, Səudiyyə Ərəbistanının, Misirin və digər körfəz ölkələrinin yanında olmağını istəyir. Yenidən Misirlə əlaqələri düzəltmək istəyir.

- Türkiyə ilə İsrailin problemi nədir? Axı ortalıqda paylaşılmayacaq nəsə yoxdur kimi görünür...

- Mövzu sadəcə Türkiyə ilə İsrail arasındakı əlaqələr olsaydı, bu, bir yolla düzələ bilərdi. Amma elə deyil. Necə ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin səbəbi sadəcə iki ölkə arasındakı problemlər deyil. Qarabağ bizim üçün “olmazsa, olmaz” prinsipidir. Türkiyə ilə İsrail arasındakı problemlərin kökündə də bir çox amil var: Fələstin məsələsi, Məscidül-Əqsa məsələsi, Qəzza məsələsi, İsrailin bölgədəki işğalçı davranışları... Bu, iki ölkə arasındakı əlaqələri birbaşa maraqlandıran məsələlərdir. Halbuki bunları çıxanda Türkiyə ilə İsrail arasında keçmişdə ticarət, texnologiya, turizm sahəsində yaxşı əlaqələr var idi. Bu gün də əlaqələr çox pis sayılmaz. Amma digər məsələlər, bu iki ölkənin bir-birinə yaxınlaşmasına əngəl olur. İsrail bölgədəki təcavüzkar mövqeyindən əl çəkməlidir. İsrail paytaxtı, türklərin, müsəlmanların və İslam dünyasının müqəddəs bildiyi şəhərə köçürməkdən əl çəkməlidir. Fələstini tanımalı və orada işğaldan əl çəkməlidir.

- İsrailin paytaxtını dəyişməsi axı Türkiyəni niyə narahat etməlidir, məgər paytaxt olanda Yerusəlimin qutsallığı itir?

- Amma ora İsrailin deyil, Fələstinindir. Əgər ora tarixən İsrail torpağı olsaydı, onda başqa cür danışa bilərdi. Amma oranı İsrail işğal edib.

- Sinan bəy, sizə elə gəlmirmi ki, Türkiyə dövlət olaraq ərəblərə lazım olduğundan çox diqqət göstərir?

- Mən Türkiyəni gələcəkdə idarə etməyə namizəd siyasətçiyəm. Çıxışlarımda həmişə “bizim üçün əsas coğrafiya ərəb coğrafiyası deyil, türk coğrafiyası olmalıdır” deyirəm. Mən əgər bir seçim etməliyəmsə, ilk prioritetim türk dünyası- Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Təbriz, Tatarıstan, Krım olmalıdır. Dəmirəlin dövründə gündəmə gələn Adriatikdən Çin səddinə qədər olan türk coğrafiyası mənim üçün daha önəmlidir. Ancaq hazırda Türkiyədə hakim partiyanın önəm verdiyi coğrafiya isə Orta Şərqdir. Bu bir yanaşma, tərcih məsələsidir. Türk milliyətçiləri üzünü türk dünyasına çevirir, siyasi İslam daşıyıcıları isə üzünü ərəb coğrafiyasına. “Ərəb baharı”ndan sonra həmin coğrafiyada Türkiyənin yaxın münasibətdə qaldığı, dost deyə biləcəyi ölkə sayı xeyli azalsa da, yenə də Türkiyə o coğrafiyanı xarici siyasətində əsas prioritet kimi götürməkdən vaz keçmir.

- Bunu bir çox müşahidəçilər “Osmanlı zehniyyəti” adlandırırlar?

- Məncə, Osmanlıya bu baxımdan səhv yanaşırlar. Xatırladıram, Osmanlı hər zaman Qərbə tərəf genişlənib. Bir neçə istisna xaric, heç bir zaman Şərqə doğru getməyib. Osmanlı ərəb coğrafiyası demək deyil. Fikir verin, Osmanlı sultanlarının yürüşlərinin əksəriyyəti- cəmi bir neçəsindən başqa- hamısı Avropaya olub. Avstriyaya qədər irəliləməsi bunun göstəricisidir. Osmanlı Orta Şərq imperiyası yox, Qərb imperiyası idi. Gəlin baxaq, Osmanlının Orta Şərqə nə qədər, Qərbə neçə səfəri var? Osmanlı üzünü həmişə Qərbə doğru çevirib. Odur ki, “biz Osmanlı sayaq Orta Şərqə yönəlirik” demək doğru deyil. Baxmayaraq ki, o coğrafiyalar Osmanlının hakimiyyəti altında idi.

- Az öncə Qarabağ vurğusu yapdınız. Ona görə də icazənizlə söhbəti Qafqaza gətirək. Ermənistan hazırda Türkiyənin dövlət sərhədlərini tanımır. Bu Türkiyə üçün direkt təhdid deyilmi?

- Ermənistan istədiyi qədər tanımasın. Bu, bir milçəyin gəlib bir insanın yanında vızıldaması kimi bir şeydir. Ermənistan bizi tanısa, nə olar, tanımasa nə olar. Balaca bir ölkədir. Ermənistan gəlsin bizdən xahiş etsin ki, gəlin bizlə yaxşı münasibətlər yaradın. Bizim Ermənistana heç bir məcburiyyətimiz, ondan hər hansı asılılığımız yoxdur. Ermənistan bizdən asılıdır, bizə və Azərbaycana ehtiyacı var. Ermənistan içi boşalmış, əhalisi getdikcə azalan, gənclərinin hamısı Qərbdə, Rusiyada, qadınları Türkiyədə iş axtaran ölkəyə çevrilib. Bu səbəblə Ermənistanın bizi tanıyıb- tanımamasının Türkiyə üçün heç bir önəmi yoxdur. Bizim onu, onun da bizi tanıması üçün əvvəlcə işğal etdiyi torpaqlardan çıxmalıdır. Bizdə bir ifadə var, deyirlər, torpaq gözünü doyursun. Ermənistanın torpaq gözünü doyursun. Öz halına baxmadan bizdən Ağrı dağını, Qarsı, Iğdırı istəyir. Ermənistan özünü, ac toyuğun darı anbarında hiss etdiyi kimi hiss edir.

- Amma Ermənistanın Türkiyəyə qarşı sadəcə ərazi deyil, “soyqırım” iddiaları da var. Bundan isə böyük dövlətlər Türkiyəyə qarşı təzyiq üçün istifadə edirlər...

- Onu indiyə qədər istifadə edirdilər. İllərlə Ermənistan elə bilirdi ki, qondarma soyqırımın 100-cü ilində nə isə olacaq. Onlar böyük ümidlə gözləyirdi ki, 100-cü il olacaq, beynəlxalq məhkəmələr Türkiyəni məhkum edəcək. Nəticədə Türkiyə onlara milyardlarla təzminat ödəyəcək, Ermənistan iqtisadiyyatı bu pullarla dirçələcək. Ermənistanın bütün xəyalları kimi, bu xülyası da puç oldu. 100-cü il keçdi və heç nə olmadı. Olmayacaq da! Əgər “soyqırım” iddialarının tarixini araşdırsaq, Türkiyənin bu məsələdə axırıncı sıralarda belə yer tutmaz. Fransızların dünən Əlcəzairdə etdikləri soyqırım var, amerikalıların qırmızıdərililərə və yaponlara qarşı, İraqda, Əfqanıstanda etdiyi soyqırımlar var... İsrailin Fələstində etdiyi soyqırım, almanların yəhudilərə etdiyi soyqırım- dünyada o qədər soyqırım edən millət var ki, bunun qarşılığında türk əsgərlərini arxadan bıçaqlayan erməniləri başqa əraziyə köçürməyini heç kim “soyqırım” kimi qəbul etdirə bilməz. Etdirə bilmədi də. Bunlar boş söhbətlərdir. Ermənistan bu boş xəyalları buraxsın, reallığa dönsün.

- Qarabağla bağlı müşahidələriniz necədir? Sizin baxış bucağınızdan danışıqlar prosesi necə görünür?

- Təəssüf ki, həm ATƏT-in Minsk qrupu, həm də digər müvafiq təşkilatların nəzdində sanki Qarabağı heç kim xatırlamaq istəmir. Heç bir beynəlxalq təşkilat Qarabağı yenidən gündəmə gətirmək, bu problemi həll etmək lüzumundan baxmır məsələyə. Hamı deyir ki, vəziyyət elə bu cür qalsın. Nə vaxta kimi bu cür qalacaq? Bu Ermənistanı qane edə bilər. Amma Azərbaycanı da, Türkiyəni də qane etmir. Buna görə də bu məsələnin həll yolu tapılmalıdır. Azərbaycan ordusu ilə, iqtisadiyyatı ilə, xalqı ilə hər gün güclənən ölkədir. Azərbaycanın və Türkiyənin səbrinin bir həddi var. Bu məsələnin, heç bir əsgərin, vətəndaşın burnu belə qanamadan sülh şəraitində həll olmasını Azərbaycan da, Türkiyə də istəyir. Lakin beynəlxalq ictimaiyyət bilməlidir ki, səbrimizin bir həddi var. Aprel ayında baş tutan döyüşlərdə Azərbaycanın istəsə, nələr edə biləcəyini gördülər. Bunu Ermənistan da görür və istəyir ki, heç nə olmasın, durum belə də qalsın. Amma bu iş belə getməz. İndi Suriya məsələsi gündəmdədir və beynəlxalq ictimaiyyətin də başı ona qarışıb. Ondan sonra istər-istəməz bu məsələ gündəmə gələcək.

(Davamı sabah yayınlanacaq)

Pərvanə AĞAZADƏ
AzNews.az